ABŞ Prezidenti Donald Tramp ölkəsinin gömrük rüsumlarından 600 milyard dollardan artıq gəlir əldə etdiyini və yaxın zamanda bu məbləğin daha da artacağını açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, əldə olunan gömrük rüsumları ABŞ-ı əvvəlkindən qat-qat güclü edib.
“Biz artıq 600 milyard dollardan çox gömrük rüsumu toplamışıq və yaxın zamanda daha çox vəsait əldə edəcəyik. Lakin saxta xəbər mediası ölkəmizə olan nifrəti və hörmətsizliyi səbəbindən bu faktı gündəmə gətirməkdən imtina edir”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, sözügedən media qurumları onun ABŞ Ali Məhkəməsi tarixində ən mühüm qərarlardan biri kimi qiymətləndirdiyi gözlənilən gömrük tarifləri ilə bağlı qərara da təsir göstərməyə çalışırlar.
Donald Trampın sözlərinə görə, tətbiq olunan gömrük rüsumları ABŞ-ı həm maliyyə, həm də milli təhlükəsizlik baxımından əvvəlkindən daha güclü və nüfuzlu ölkəyə çevirib.
Qeyd edək ki, dekabrın 21-də Ağ Evin Milli İqtisadi Şurasının sədri Kevin Hassett bəzi mallara tətbiq edilən gömrük rüsumlarının ləğvi ehtimalını gündəmə gətirib. O bildirib ki, iqlim və digər səbəblərdən ABŞ-da istehsalı məqsədəuyğun olmayan məhsullar üçün müəyyən istisnaların tətbiqi faydalı ola bilər.
//Gülnarə Abasova, Editor.az