Türkiyə Prezident Aparatının 4 yanvar tarixində yayımladığı açıqlamaya görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığı olub.
Söhbətdə iki ölkə arasındakı münasibətlərlə yanaşı, bir sıra regional və qlobal məsələlərə də toxunulub. Ərdoğan Ankara və Ər-Riyadın ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək üçün əlavə addımlar atmağı planlaşdırdıqlarını vurğulayıb.
O, həmçinin Türkiyənin Somali və Yəməndəki vəziyyəti yaxından izlədiyini deyib. Prezident əlavə edib ki, hər iki ölkənin ərazi bütövlüyü regional sabitlik üçün çox vacibdir. Bu baxımdan, o, Yəməndəki tərəfləri birləşdirmək səylərini asanlaşdırmağa hazır olduğunu bildirib. İki nəfər həmçinin Qəzza zolağındakı son hadisələri də müzakirə ediblər.
//Samir Qurbanov, Editor.az