Ucar sakininin özünüməşğulluq proqramı çərçivəsində aldığı heyvanlardan biri ölüb.
Xezerxeber.az-ın məlumatına görə, Ucarın Alpout kənd sakini İsmayıl Hüseynov 2023-cü ildə Dövlət Məşğulluq Agentliyinə heyvandarlıqla məşğul olmaq üçün müraciət edib. Müraciət əsasında ötən il dekabrın 29-da ona 3 baş iribuynuzlu heyvan təhvil verilib. Lakin heyvanlar təsərrüfata gətirildikdən bir həftə sonra onlardan biri ölüb. Sakinin iddiasına görə, heyvanlar xəstə olub və onlara əvvəlcədən lazımi baytarlıq nəzarəti və müalicəsi aparılmayıb.
İsmayıl Hüseynovun sözlərinə görə, tələf olan heyvandan və digərlərindən analizlər götürülüb, nəticələri yaxın günlərdə açıqlanacaq.
Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, İsmayıl Hüseynovun müraciəti araşdırılıb. Vətəndaş Mərkəzi Aran Regional Məşğulluq filialının Ucar rayon xidmət şöbəsinə heyvanların xəstəliyi və ya tələf olması ilə bağlı hər hansı sənəd təqdim etməyib. Özünüməşğulluq proqramı üzrə vətəndaşlara təqdim olunan heyvanlarda bir ay ərzində hər hansı tələfolma halı baş verərsə, vətəndaşlar tələfolmanın səbəblərinə dair baytar aktı və tələf olmuş heyvanların birka nömrələri görünməklə fotolarını Regional Məşğulluq filiallarına və ya müvafiq rayon və ya şəhər üzrə xidmət şöbəsinə təqdim etməlidirlər. Bu sənədlər təqdim edildikdən sonra tələf olmuş heyvanların əvəzlənməsi məsələsi araşdırılır və müvafiq qərar verilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.