Böyük Britaniyada uşaq piylənməsi ilə mübarizə çərçivəsində "fastfud" reklamına ciddi məhdudiyyətlər qüvvəyə minib. Ölkənin Səhiyyə Nazirliyinin mətbuat açıqlamasına əsasən, televiziyada saat 21:00-dək "fastfud" reklamı qadağan edilib, internetdə isə bu tip reklamlar tamamilə yasaqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Yeni qaydalara əməl olunmasına Reklam Standartları İdarəsi (ASA) nəzarət edəcək. Məhdudiyyətlər yağ, şəkər və duz tərkibi yüksək olan 13 məhsul kateqoriyasına şamil olunur. Qadağa rəsmi olaraq bazar ertəsi qüvvəyə minməsinə baxmayaraq, "The Guardian" yazır ki, reklam sənayesi bu tələblərə oktyabr ayından etibarən könüllü şəkildə əməl edirdi.

Qaydaların təsiri artıq reklam məzmununda hiss olunur. Böyük Britaniyada yayımlanan ilk Milad reklamlarında ənənəvi pudinqlər və şirniyyatlar əvəzinə meyvə və tərəvəzlər nümayiş etdirilir. Bununla yanaşı, əvvəllər nisbətən faydalı hesab edilən bəzi məhsullar da məhdudiyyətlərə düşüb. Bunlara “istənilən növ sendviçlər”, bretzellər və əsasən səhər yeməyi (quru dənli) bölməsində satılan bütün məhsullar daxildir.
Rəsmilərin gözləntilərinə görə, yeni qaydalar ildə uşaqların qəbul etdiyi kaloriləri 7,2 milyard vahid azaltmağa, uşaq piylənməsi hallarını 20 min nəfər azaldmağa və uzunmüddətli perspektivdə səhiyyə sisteminə təxminən 2 milyard funt sterlinq qənaət etməyə imkan verəcək.
Nazirlik xatırladıb ki, İngiltərədə ibtidai məktəblərdə oxuyan uşaqların 22,1%-i artıq çəkili və ya piylənmədən əziyyət çəkir, məktəbi bitirən zaman isə bu göstərici 35,8%-ə qədər yüksəlir.