Bakı, 5 yanvar, Tamilla Məmmədova, AZƏRTAC
Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Ölkənin ən böyük meqapolisi və memarlıq baxımından vizit kartı olan Bakı bu gün elə bir mərhələdədir ki, gələcək inkişaf təkcə irimiqyaslı layihələr deyil, həm də dayanıqlılıq, insan miqyası və şəhər barədə daha dərindən düşünməyi tələb edir. İqlim çağırışları, intensiv tikinti prosesi və zəngin tarixi irsin qorunması zərurəti fonunda Bakı getdikcə yalnız inkişaf edən şəhər kimi deyil, müasir və balanslaşdırılmış şəhərsalma həllərinin axtarıldığı bir məkan kimi dəyərləndirilir. Bu kontekstdə həyat keyfiyyəti, komfort və mədəni özünəməxsusluğu birləşdirməyə imkan verən beynəlxalq yanaşmalar xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC-ın suallarını dayanıqlı şəhərsalma üzrə beynəlxalq ekspert, tədqiqatçı və məsləhətçi, rahat və insan mərkəzli şəhərlərin yaradılması sahəsində mütəxəssisləri birləşdirən beynəlxalq platforma olan “International Making Cities Livable” təşkilatının icraçı direktoru, eyni zamanda, Avropanın memarlıq, şəhərsalma və dayanıqlı inkişaf sahəsində aparıcı ali təhsil müəssisələrindən biri olan Delft Texnologiya Universiteti (Delft University of Technology) ilə əməkdaşlıq edən baş elmi işçi Maykl Mehaffi cavablandırır.
- Azərbaycanın 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi fonunda dayanıqlı şəhər inkişafının müasir şəhərlərin formalaşmasındakı rolunu necə qiymətləndirirsiniz? Bu baxımdan sürətlə inkişaf edən ölkələr üçün hansı praktikaları daha aktual hesab edirsiniz?
- Təəssüf ki, hələlik nə dayanıqlı şəhər inkişafına, nə də ümumilikdə dayanıqlılığa tam nail olmuşuq. Lakin müsbət məqam ondan ibarətdir ki, artıq nə etməli olduğumuz barədə daha aydın təsəvvürümüz var. Biz həmçinin anlayırıq ki, dayanıqlılıq təkcə mənfi nəticələrə reaksiya vermək deyil, eyni zamanda, müsbət inkişaf və həyat keyfiyyətinin yüksəldilməsi üçün imkanlardan istifadə etməkdir.
Zəruri dəyişikliklər yalnız texnoloji sahə ilə, məsələn, daha səmərəli və bərpaolunan enerji və su sistemləri ilə məhdudlaşmır. Daha əsaslı məsələlərdən söhbət gedir, yəni şəhəri necə təşkil etdiyimiz, insanların hərəkət və seçim imkanlarını necə genişləndirdiyimiz, parklar, mağazalar, ictimai müəssisələr, iş yerləri kimi vacib məkanlara çıxışı necə təmin etdiyimiz ön plana çıxır. Bu isə şəhərin planlaşdırılmasının və strukturunun, küçə və marşrut şəbəkəsinin, ictimai məkanların və şəhər mühitinin digər elementlərinin daha yaxşı qurulmasını tələb edir.
- Azərbaycan zəngin tarixi və memarlıq irsinə malikdir. Müasir şəhər layihələri innovasiyaları şəhərlərin mədəni və tarixi konteksti ilə necə uzlaşdırıla bilər?
- Bu, hazırda dünyanın bir çox şəhəri üçün aktual problemdir. Bir tərəfdən həm mədəni dəyərlərin saxlanılması, həm iqtisadi fayda, məsələn, turizm, həm də ekoloji üstünlüklər baxımından mövcud irs obyektlərinin qorunması və bərpası vacibdir. Köhnə binalar, adətən, daha az enerji sərf edir və onların təbii resurslara təsiri nisbətən zəif olur.
Digər tərəfdən isə sual yaranır: digər regionlardan gətirilən yeni formalar nə dərəcədə üstünlük təşkil etməlidir, yoxsa onları yerli kontekstə uyğunlaşdıraraq yerli kimliklə zənginləşdirmək daha məqsədəuyğundur? Tədqiqatlar göstərir ki, bu, həyat keyfiyyəti və nəticə etibarilə iqtisadi dayanıqlılıq üçün son dərəcə önəmlidir. Əgər şəhərimiz istənilən başqa “müasir” şəhərə bənzəyəcəksə, oxşar şəhərlərlə rəqabət aparmaqda çətinlik çəkəcək. Bu, qloballaşan dünyada bir çox şəhər üçün bir çağırışdır: biz müasir formalarla öz yerli kimliyimizin və mədəniyyətimizin orijinal ifadəsi arasında bir tarazlıq axtarırıq.
- Siz tez-tez vətəndaşların şəhərsalma proseslərinə cəlb edilməsinin vacibliyini vurğulayırsınız. Azərbaycan şəhərlərində şəhər mühitinin keyfiyyətini artırmaq və sakinlərin ehtiyaclarını daha yaxşı qarşılamaq üçün hansı iştirak strategiyaları faydalı ola bilər?
- Əslində, vətəndaşların cəlb edilməsinin iki əsas yolu var. Birincisi, onlardan layihə və ya proses barədə rəy və şərhlər istəməkdir. Bu yanaşma çox vaxt səthi olur, hətta aldadıcı təsir bağışlaya bilər, çünki fikirlər ya nəzərə alınmır, ya da çox gec soruşulur.
İkinci yanaşma isə vətəndaşları, həqiqətən, prosesə cəlb etmək və onlara öz evləri və məhəllələri çərçivəsində səlahiyyət verməkdir. Bu prinsip bəzən “subsidiarlıq” adlandırılır, yəni qərarların “aşağıdan yuxarıya” formalaşması.
Biz vətəndaşlara çoxsəviyyəli prosesdə iştirak etməyi təklif edirik. Burada onlar fəal şəkildə nə istədiklərini və nəyə dəstək verəcəklərini müəyyənləşdirirlər. Bu yanaşma “QUIMBY”, yəni “mənim həyətimdə keyfiyyət” adlanır. Londonda “King’s Foundation” tərəfindən tətbiq olunan “BIMBY” - “mənim həyətimdə gözəllik” konsepsiyası da oxşar prinsiplərə əsaslanır. Bu proqram vətəndaşlarla, sadəcə, reaksiya verən tərəf kimi deyil, məsuliyyətli iştirakçı kimi işləyir.
- Azərbaycan, xüsusilə Bakı kimi iri şəhərlərdə iqlim çağırışları ilə üzləşir. Şəhər infrastrukturunun layihələndirilməsində hansı müasir yanaşmalar iqlim dəyişikliyinə uyğunlaşmağa və şəhərlərin dayanıqlılığını artırmağa kömək edə bilər?
- Hazırda bütün şəhərlər üçün mürəkkəb bir dövrdür. Belə ki, təhlükəsizlik və həyat keyfiyyəti ilə bağlı risklər artır. Hər şəhər unikaldır və həllər hazırlanarkən yerli şərait mütləq nəzərə alınmalıdır. Bu o deməkdir ki, tədbirlər kontekstdən asılı olmalıdır.
Bununla yanaşı, biz dünyada bir-birimizdən öyrənə və səmərəli alətləri onları yerli şəraitə uyğunlaşdırmaqla paylaşa bilərik. Bu, məşhur ifadədə deyildiyi kimi “qlobal düşün, lokal hərəkət et” prinsipinə uyğundur.
Biz əvvəlcə memarlıq üçün yaradılmış, sonradan proqramlaşdırma, mühəndislik və idarəetmədə tətbiq olunan “nümunə dili” metodologiyasından istifadə edirik. Bu yanaşma universal həll nümunələrini yerli şərtlərdən asılı elementlərlə birləşdirərək qlobal və yerli həllərin optimal sintezini yaradır.
Burada “kompleks yanaşma” da mühümdür, yəni şəhərin müxtəlif aspektlərini ayrı-ayrı sahələr kimi deyil, qarşılıqlı əlaqədə nəzərdən keçirmək lazımdır. Nümunə dilləri məhz buna imkan verir və bir sahədə əldə edilən uğurun digərində mənfi nəticə doğurmasının qarşısını alır.
Biz bir çox ölkələrdə yerli nümunə dilləri yaratmışıq: istilik komfortu, şəhər dayanıqlılığı, ictimai məkanların yaxşılaşdırılması, COVID-ə uyğunlaşma və digər məqsədlər üçün. Azərbaycandan ötrü faydalı ola biləcək nümunələrə şəhərlərin yaşıllaşdırılması, artıq sərt örtüklərin azaldılması, yağış sularını özünə hopduran bağların yaradılması, sərinləşdirici su elementlərinin əlavə edilməsi, külək baryerlərinin planlaşdırılması və digər həllər daxildir. Bunlar mütləq yerli şəraitə uyğunlaşdırılmalıdır.
Biz BMT-nin “UN-Habitat” qurumu ilə birlikdə Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün nümunə dillərinə həsr olunmuş Dünya Şəhərsalma Forumunda çalışacağıq. Bu sənədlər BMT-yə üzv olan 193 dövlət tərəfindən qəbul edilib. Lakin hamının etiraf etdiyi kimi, icra prosesi hələ də böyük problem olaraq qalır. Hesab edirik ki, nümunə dilləri metodologiyası ən yaxşı həllərin tətbiqinə və parçalanmış, universal yanaşmalardan qaçmağa imkan verən mühüm alətdir. Maraqlıdır görəsən, Bakı və ya ümumilikdə Azərbaycan bu yanaşmanı tətbiq etməyi nəzərdən keçirəcəkmi?!
- 10–20 il qabağa baxsaq, dizayn, dayanıqlılıq və həyat keyfiyyəti baxımından Azərbaycan şəhərlərinin gələcəyini necə görürsünüz? Bu məqsədə çatmaq üçün bu gün hansı addımlar atılmalıdır?
- Gələcəyə baxışınız çox müdrikdir, çünki yavaş-yavaş dəyişən amillər çox vaxt daha uzunmüddətli təsir göstərir. Bunlara küçə şəbəkələri daxildir, yəni onların əlaqəliliyi, piyada üçün əlverişliliyi və binalar səviyyəsində şəhər həyatını dəstəkləməsi son dərəcə vacibdir.
Eyni zamanda, daha kompakt və insan mərkəzli inkişafı dəstəkləyən infrastruktur genişlənmələri önəmlidir. Burada “sıxlıq” anlayışı təkcə bina sayı və ya hündür tikililərlə ölçülməməlidir, çünki yüksək binalar çox vaxt lazımi insan miqyasını təmin etmir. Yaxşı planlaşdırma gələcəyi “proqramlaşdıra”, yeni nəqliyyat növləri, insan miqyaslı kompakt binalar üçün imkanlar yarada bilər. Şəhər böyüdükcə daha rahat mühit üçün zəmin hazırlamaq mümkündür.
Bu zəmini qayda və qanunların islahı yolu ilə də yaratmaq olar. Amerika Birləşmiş Ştatlarında dayanıqsız məkanlar, yalnız yaşayış üçün nəzərdə tutulan, infrastruktursuz, avtomobildən asılı rayonlar formalaşdırmışdı. Bu isə nəhəng park yerləri, enli yollar, çoxlu asfalt, hava keyfiyyəti problemləri və yüksək xərclərlə nəticələnir. Yeni normativlər həm rahat inkişafı dəstəkləyə, həm də insanların avtomobili seçməsinin səbəblərini, yəni rahatlıq və hərəkət azadlığını nəzərə ala bilər.
Mənzilə çıxış imkanları daha bir əsas məqamdır. Qaydalarımız və normativlərimiz mənzil qiymətlərinə təsir göstərir və bu, islahatlar tələb edir. Lakin “əlçatanlıq” yalnız tikinti xərcləri ilə məhdudlaşmır, eyni zamanda, şəhərdə yaşamanın dəyərini də əhatə edir. Məsələn, əgər yalnız avtomobillə hərəkət etmək mümkündürsə və ya evlər səmərəsizdirsə və kommunal xidmətlər üçün yüksək xərclər tələb edirsə, bu, yaşayışın ümumi dəyərini, yaşayış xərclərini artırır. Burada da kompleks yanaşma zəruridir.
Nəhayət, irsi dəyərlər. Yeni tədqiqatlar göstərir ki, köhnə binalar bizə təkcə qədim və ya ənənəvi olduqları üçün deyil, həm də insan üçün vacib olan mühüm xüsusiyyətləri özündə ehtiva etdiyi üçün xoş gəlir. Bu xüsusiyyətlər sırasında gözəllik hissi var — təkcə yeni və valehedici deyil, eyni zamanda, dərin, təbiətlə, insan təbiəti və tarixlə bağlı olan gözəllik. Şəhərsalma üzrə mütəxəssislərin və memarların yol verdikləri böyük səhvlərdən biri köhnə binaları köhnəlmiş hesab etmələridir. Davamlılıq baxımından, bir çox yeni binalar tez köhnəlir və uzun müddət xidmət etmir. Əgər biz davamlı binalar istəyiriksə, onlar qorunmağa layiq olmalıdır.
Biz qəbul etməliyik ki, davamlılıq ənənəvi binalarımızın və şəhərlərimizin “kollektiv intellekti”ni anlamağı və bu müdriklikdən istifadə etməyi tələb edir. Bundan sonra isə yeni texnologiyaları və digər zəruri elementləri əlavə etmək lazımdır.