
Avropa Birliyi (AB) Komissiyası X platformasındakı süni intellekt aləti Grok-un uşaqların saxta cinsi məzmunlu görüntülərinin yaradılmasında istifadə olunması barədə şikayətləri ciddi şəkildə araşdırır.
AB Komissiyasının sözçüsü Tomas Rejniye Brüsseldə keçirilən gündəlik mətbuat konfransında İlon Maskın xAI şirkəti tərəfindən hazırlanmış və X platformasına inteqrasiya olunmuş Grok adlı süni intellekt söhbət robotunun yeniyetmələrin saxta cinsi məzmunlu görüntülərini yaratması iddiaları barədə açıqlama verib.
Aİ Komissiyasının bu məsələyə çox ciddi yanaşdığını bildirən Rejniye deyib: “X və ya Grok-un artıq uşaq təsvirləri ilə yaradılan bəzi çıxışlarla ədəbsiz məzmun göstərən ‘ədviyyatlı rejim’ təklif etdiyini bilirik”.
O əlavə edib: “Bu ədviyyatlı deyil, qanunsuz bir haldır. Biz bunu dəhşətli və iyrənc hesab edirik. Bunun Avropada yeri yoxdur”.
Rejniye Grok-un əvvəllər də oxşar problemli görüntülər yaratdığını xatırladaraq, X-in AB-yə rəsmi cavab verdiyini və hazırda bunun qiymətləndirilmə mərhələsində olduqlarını qeyd edib.
Sözçü vurğulayıb ki, X platforması AB-nin rəqəmsal qanunlarına əməl etməyin vacibliyinin fərqində olmalıdır və X-in dekabrda AB tərəfindən 120 milyon avro cərimələndiyini xatırladıb.
AB Komissiyasının rəqəmsal qaydalar mövzusunda çox ciddi olduğunu deyən Rejniye bütün şirkətlərin bu qaydalara riayət etməsinin vacib olduğunu bildirib.
Qeyd edək ki, X sosial media platformasındakı Grok süni intellekt aləti razılıq olmadan cinsi məzmun və uşaqların cinsi görüntülərini yaratdığı üçün tənqid olunmuşdu.