Delsi Rodrigez amerikalılar tərəfindən əsir götürülmüş Venesuela prezidenti Nikolas Maduronun yerinə keçib və "imperiya"ya qarşı mübarizə aparacağına söz verib. Lakin ABŞ prezidenti Donald Tramp əmindir ki, o, Vaşinqtonun birbaşa əmrlərinə əməl edəcək və faktiki olaraq Karakasda onun vitse-kralı olacaq. Delsi Rodrigez haqqında nə məlumdur?
O, Maduronun sağ əli və ölkənin vitse-prezidentidir. Buna görə də Ali Məhkəmə Maduronun "məcburi yoxluğu" zamanı dövlət başçısının səlahiyyətlərini ona verib.
Rodrigez dərhal ən nüfuzlu aparatçılar və təhlükəsizlik rəsmiləri ilə əhatə olunmuş şəkildə ictimaiyyət qarşısına çıxaraq, sanki Maduronun qaçırılmasının rejim dəyişikliyinə, ölkənin gedişatında dəyişiklik və ya elitalar arasında münaqişəyə səbəb olmadığını nümayiş etdirmək üçün ABŞ haqqında sərt bəyanatlar verməyə başlayıb.
"Venesuelanın yalnız bir prezidenti var və onun adı Nikolas Madurodur", - deyə Rodrigez müstəqilliyini müdafiə edəcəyinə söz verərək bildirib. "Xalqımız təslim olmayacaq, təslim olmayacaq və heç vaxt heç bir imperiyanın - köhnə, yeni və ya çıkməkdə olan - müstəmləkəsinə çevrilməyəcək."
Tramp isə bu mövzuda fərqli fikirdədir. Hazırda Venesuelaya kimin rəhbərlik etdiyi soruşulduqda, Tramp açıq şəkildə "Biz rəhbərlik edirik" cavabını verib. Daha sonra o, Venesuelanın yeni bir hərbi əməliyyatla üzləşəcəyini və Rodrigezin Ağ Evin iradəsinə boyun əyməyəcəyi təqdirdə "Madurodan daha pis" aqibətlə üzləşəcəyini deyib.
Qeyd edək ki, Delsi Rodrigezin atası 1976-cı ildə polis işgəncələri altında ölən partizan döyüşçüsü olub. Ədalət axtarışında olan Delsi Rodrigez əvvəlcə vətənində, sonra isə Fransada hüquq təhsili alıb. Bolivar inqilabı və Huqo Çavesin hakimiyyətə gəlməsi, Delsinin özünün də etiraf etdiyi kimi, ailəsi üçün "şəxsi qisasın" qələbəsi olub.
SAMİRƏ