ABŞ prezidenti Donald Trampın İrana mümkün hərbi zərbə ilə bağlı sərt bəyanatından sonra Tehran hakimiyyətində ciddi narahatlıq yaranıb. The New York Times qəzetinin mənbələrə istinadən yazdığına görə, yanvarın 2-də İranın Ali Milli Təhlükəsizlik Şurası gecə saatlarında təcili iclas keçirib.
NOCOMMENT.az xəbər verir ki məlumata görə, iclasın əsas mövzusu ölkə üzrə genişlənən etirazların minimum güc tətbiqi ilə nəzarətdə saxlanılması olub. Hakimiyyət nümayəndələri güc tətbiqinin ictimai narazılığı daha da alovlandıra biləcəyindən ehtiyat edir. Eyni zamanda ABŞ və İsrail tərəfindən mümkün hərbi zərbələr ssenariləri də müzakirə edilib.
Qəzetin yazdığına görə, davam edən etirazlar fonunda hakimiyyətin yüksək rütbəli təmsilçiləri qapalı müzakirələrdə İran İslam Respublikasının faktiki olaraq “yaşamaq rejiminə” keçdiyini etiraf ediblər. Bildirilir ki, Tehran həm sosial gərginliyi artıran dərin iqtisadi böhran, həm də ABŞ və İsraillə mümkün eskalasiya qarşısında məhdud manevr imkanlarına malikdir.
Mənbələrin məlumatına əsasən, İran prezidenti Məsud Pezeşkian ötən həftə iqtisadi müşavirə komitəsi ilə iki fövqəladə iclas keçirib. Görüşlərdə vəziyyətin daha da pisləşəcəyi təqdirdə atıla biləcək addımlar müzakirə olunub. Qeyd olunur ki, bəzi məsləhətçilər Pezeşkiana ictimai çıxışlarında ölkədəki ikili hakimiyyət sistemini ön plana çəkməyi, yəni əsas qərarların ali dini lider Əli Xamenei tərəfindən verildiyini vurğulamağı tövsiyə ediblər. Bu yanaşma ilə siyasi məsuliyyətin bir hissəsinin prezidentin üzərindən götürülməsi məqsəd qoyulub.
Bu arada İranda etiraz aksiyaları demək olar ki, bütün ölkəni əhatə edib. Son məlumatlara görə, etirazlar 78 şəhərdə keçirilir və qarşıdurmalar zamanı yaralananların sayı 50 nəfəri keçib. Hadisələr fonunda Donald Tramp jurnalistlərə açıqlamasında bir daha İran hakimiyyətini xəbərdar edərək bildirib ki, etirazçıların öldürülməsi halında “ABŞ çox sərt zərbə endirəcək”.
Digər tərəfdən, The Times qəzeti kəşfiyyat hesabatına istinadən yazır ki, əgər etirazlar güclənərsə və təhlükəsizlik qüvvələri onları nəzarətdə saxlaya bilməzsə, ali dini lider Əli Xamenei yaxın çevrəsi – təxminən 20 nəfər ailə üzvü və köməkçisi ilə birlikdə ölkədən çıxarılacaq. Hesabata görə, əsas ehtimal olunan istiqamət Moskvadır.

İsrail kəşfiyyatının sabiq əməkdaşı Beni Sabti hesab edir ki, Xameneinin faktiki olaraq başqa qaçış ünvanı yoxdur. Qəzet bu ssenarini devrilmiş Suriya lideri Bəşər Əsədin Moskvaya qaçışı ilə müqayisə edir.
Eyni zamanda Livanın Al-Akhbar nəşri rəsmi mənbələrə istinadən yazır ki, Donald Tramp və İsrailin baş naziri Beniyamin Netanyahu Floridada keçirdikləri görüş zamanı İranın ABŞ şərtləri ilə razılaşmaması halında hərbi zərbə endirilməsi barədə razılığa gəliblər. Bildirilir ki, paralel olaraq Qəzza zolağı üzrə sülh planının ikinci mərhələsi və Livanın İrana qarşı mümkün hücumlarda neytral qalması məsələsi də razılaşdırılıb.
Mənbələrin sözlərinə görə, Livanın neytrallığı “Hizbullah”ın münaqişəyə qoşulmaması şərti ilə mümkündür. Əks halda İsrail Cənubi Beyrut ətrafı və Beka vadisi də daxil olmaqla genişmiqyaslı hücumlara başlaya bilər. Qeyd olunur ki, “neytrallıq” İsrailin gündəlik hücumlarını və siyasi təzyiq siyasətini dayandırması anlamına gəlmir.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı da Tehranın ABŞ-ın irəli sürdüyü şərtlərlə razılaşması üçün fəal diplomatik səylər göstərir. Ər-Riyad hesab edir ki, İranda hər hansı xaos bütün Körfəz regionuna yayılacaq və rejimin çökməsi İranın yenidən “körfəzin keşikçisi” roluna qayıtmasına yol aça bilər.
Məqalədə vurğulanır ki, əgər İran ABŞ şərtləri – nüvə proqramının tam dayandırılması və Livan, İraq və Yəməndəki proksi qüvvələrə dəstəyin kəsilməsi – ilə razılaşsa, Livan məsələsində də razılaşma əldə oluna bilər. Əks halda, İrana hücum və rejimin mümkün süqutu region üçün ciddi nəticələr doğuracaq və “Hizbullah”ın zəifləməsi ilə Beyrut da bu prosesdən təsirlənəcək.
Xatırladaq ki, daha əvvəl The Times yazmışdı ki, 86 yaşlı Xamenei ötən il İsraillə baş verən 12 günlük qarşıdurma zamanı bunkerdə gizlənib və həmin müharibədən sonra fiziki və siyasi baxımdan zəifləyib. Kəşfiyyat hesabatında qeyd olunur ki, o, ideoloji baxımdan sərt mövqedə olsa da, uzunmüddətli məqsədlər naminə taktiki kompromislərə açıq, praqmatik liderdir.
ABŞ prezidenti Donald Tramp isə dəfələrlə bəyan edib ki, İranda etirazların güc yolu ilə boğulması halında Vaşinqton müdaxiləyə hazırdır. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani buna cavab olaraq bildirib ki, ABŞ-ın İrana müdaxiləsi bütün regionun sabitliyini pozacaq və Amerikanın maraqlarına ciddi zərbə vuracaq.