“Şok və haqq qazandırılması olmayan addım”
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ın Venesuelaya qarşı atdığı addımları kəskin tənqid edib. O, BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Vaşinqtonun Karakasa qarşı davranışının “şok effekti” yaratdığını və bunun üçün heç bir əsas, heç bir bəraət ola bilməyəcəyini bildirib.
Nebenzya qeyd edib ki, il beynəlxalq hüquqa hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və diplomatiyaya üstünlük veriləcəyinə ümidlə başlayanlar üçün məyusedici hadisələrlə start götürüb. Onun sözlərinə görə, ABŞ-ın Karakasda törətdiyi bu hərəkət açıq-aşkar cinayətdir və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Rusiya diplomatının fikrincə, ABŞ tərəfindən Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması faktiki olaraq quldurluq aktıdır. Nebenzya Vaşinqtonu dərhal Maduronu və onun həyat yoldaşını azad etməyə çağırıb.
O vurğulayıb ki, dövlətlər arasında mövcud olan bütün ziddiyyətlər yalnız dialoq və danışıqlar yolu ilə həll olunmalıdır. Rusiya tərəfinin Venesuelanın milli maraqlarını və suverenliyini qorumaq kursunu dəstəklədiyini bildirən Nebenzya Moskvanın Venesuela xalqı ilə həmrəy olduğunu da xüsusi olaraq qeyd edib.