AZ

Maduronun “qaçırılması” Azərbaycanın büdcəsinə hansı zərəri vura bilər? – ÖNƏMLİ MƏQAMLAR

2026-cı il yanvarın 3-də ABŞ xüsusi təyinatlılarının Venesuela Prezidenti Nikolas Maduronu və onun həyat yoldaşını Karakasdakı iqamətgahından çıxarmasından sonra dünya neft bazarları dərhal reaksiya verdi. Qiymətlərin enməsi ABŞ prezidenti Donald Trampın amerikalı neft şirkətlərinin yaxın vaxtlarda Venesuelaya qayıdacağı, bu ölkənin neft sektoruna milyardlarla dollar sərmayə yatıracağı və perspektivdə hasilatın artacağı ilə bağlı açıqlamaları ilə əlaqələndirilir.

NOCOMMENT.az xəbər verir ki, bazar ertəsi səhər Brent markalı neftin qiyməti 0,7 faiz ucuzlaşaraq bir barel üçün 60,33 dollara, West Texas Intermediate (WTI) markalı neft isə 0,54 faiz azalaraq 56,01 dollara düşüb. Daha sonra kotirovkalar qismən bərpa olunsa da, bazarların bu qədər sürətli reaksiyası diqqət çəkici hesab olunur.

Formal olaraq Venesuela hazırda dünya neftinin cəmi 1 faizini istehsal edir. Bu vəziyyət illərlə davam edən maliyyə çatışmazlığı, sanksiyalar, idarəetmə böhranı və sektorun faktiki izolyasiyasının nəticəsidir. Bununla belə, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, Venesuela dünya üzrə kəşf edilmiş neft ehtiyatlarının təxminən 20 faizinə malikdir. Bu isə real hasilat artımı olmasa belə, ölkəni bazar üçün potensial təzyiq amilinə çevirir.

Trampın açıqlamaları isə praktik baxımdan hələlik reallaşmadan uzaqdır. Venesuelanın siyasi gələcəyi qeyri-müəyyən olaraq qalır: Maduronun həbs edilərək Nyu-York istintaq təcridxanasında saxlanmasına baxmayaraq, onun qurduğu hakimiyyət sistemi ölkə daxilində hələ də mövcuddur. Hətta sürətli siyasi transformasiya baş versə belə, neft sənayesinin bərpası illər çəkəcək və çox böyük investisiyalar tələb edəcək.

Mütəxəssislər xatırladır ki, Venesuelanın neft infrastrukturu kritik dərəcədə köhnəlib. Uqo Çavesin 2006-cı ildə Qərb şirkətlərinin aktivlərini milliləşdirməsindən sonra sektorun texnoloji yenilənməsi faktiki olaraq dayanıb. Dövlətə məxsus PDVSA şirkətinin neft kəmərləri 50 ildən artıqdır istismardadır və yalnız onların modernləşdirilməsi üçün 50–60 milyard dollar tələb olunduğu bildirilir. Bundan əlavə, ağır neftin hasilatı və emalı, eləcə də tez-tez problemlər yaradan enerji təchizatı üçün də böyük vəsaitə ehtiyac var.

Bununla belə, təkcə ABŞ şirkətlərinin mümkün qayıdışı ilə bağlı gözləntilər neft qiymətlərində eniş tendensiyasını gücləndirməyə kifayət edib. Qlobal bazar son aylarda tələbin artımının zəifləməsi fonunda artıq təklif vəziyyətində idi və Venesuela faktoru bu prosesi sürətləndirən növbəti geosiyasi tetikə çevrildi.

Hələlik iri Amerika neft korporasiyalarından heç biri Venesuelada genişmiqyaslı investisiya planlarını rəsmi şəkildə təsdiqləməyib. Bununla belə, Chevron şirkətinin sabiq top-meneceri Əli Moşiri “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, onun rəhbərlik etdiyi Amos Global Energy Management fondu Venesuela neft sektoruna yönəlik layihələr üçün təxminən 2 milyard dollar cəlb etməyi planlaşdırır. Onun sözlərinə görə, artıq bir sıra aktivlər müəyyənləşdirilib və özəl yerləşdirmə üçün memorandum hazırlanıb.

XTB qlobal broker platformasının tədqiqat direktoru Ketlin Bruks hesab edir ki, hazırkı qiymət enişi qısamüddətli ola bilər. Çünki investorlar Venesuela neftinin bazara real qayıdışının vaxtını və miqyasını qiymətləndirməyə çalışırlar. Onun fikrincə, infrastrukturun yenilənməsi, yeni quyuların qazılması və ağır neft üçün emal güclərinin yaradılması 2030-cu ilə qədər və daha sonrasına qədər uzana biləcək uzunmüddətli prosesdir. Bruks xatırladıb ki, Venesuela 1998-ci ildə hasilatın pik dövründə sutkada təxminən 3,5 milyon barel neft istehsal edirdi, bu gün isə bu göstərici 1 milyon barel civarındadır.

Oxşar mövqeni BP-nin sabiq rəhbəri Con Braun da bölüşüb. O, BBC Radio 4-də çıxış edərək bildirib ki, Venesuela neft sektorunun bərpası böyük həcmdə bacarıq, investisiya və vaxt tələb edir. Braun qeyd edib ki, hətta əlverişli ssenari şəraitində belə hasilat artımı yavaş gedəcək və struktur islahatlar səbəbindən müvəqqəti enişlərlə müşayiət oluna bilər.

Third Bridge tədqiqat şirkətinin qlobal sənaye təhlili üzrə rəhbəri Piter MakNelli də hesab edir ki, sektorun real dirçəlişi üçün on milyardlarla dollar və ən azı bir onillik davamlı Qərb marağı lazımdır. Onun sözlərinə görə, iqtisadiyyatın bütün sahələrinin xroniki maliyyə çatışmazlığından əziyyət çəkdiyi bir ölkədə sürətli həll yolları mövcud deyil.

Goldman Sachs analitiklərinin “Business Insider”ə istinadla verdiyi qiymətləndirməyə görə, Venesuelanın ağır neftində hasilat əmsalının artırılması təkcə emal güclərinə deyil, həm də enerji sistemi, logistika və nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına ciddi sərmayələr tələb edir. Son hadisələr investisiya mühitinin nisbətən yaxşılaşması ehtimalını artırsa da, qısamüddətli dövrdə tədarükdə yeni pozuntuların istisna edilmədiyi vurğulanır.

Uzunmüddətli perspektivdə isə Goldman Sachs analitikləri bildirirlər ki, Venesuelada istənilən davamlı hasilat artımı dünya neft qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. Çünki bu artım artıq zəifləyən tələbat fonunda mövcud olan təklif artıqlığına əlavə olunacaq. Onların hesablamalarına görə, Venesuelada hasilat sutkada 400 min barel azalarsa, 2026-cı ilin sonuna doğru WTI və Brent üzrə orta qiymətlər müvafiq olaraq 51 və 58 dollar ola bilər. Əksinə, hasilat eyni həcmdə artsa, orta qiymətlər 50 və 54 dollara qədər enə bilər.

Venesueladakı hadisələrdən əvvəl də bir çox analitiklər 2026-cı ildə neftin 50–60 dollar diapazonunda ticarət ediləcəyini, 2027-ci ildə isə qiymətlərin hətta 30 dollara qədər düşə biləcəyini proqnozlaşdırırdılar. Yaxın vaxtlarda Venesuela hasilatında kəskin artım real görünməsə də, sutkada bir neçə yüz min barellik əlavə təklif belə bazara ciddi təsir göstərə bilər.

Bu kontekstdə amerikalıların Maduronu “qaçırması” neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılı olan ölkələr, o cümlədən Azərbaycan üçün potensial risk faktoru kimi qiymətləndirilir. Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub və kotirovkaların bu həddən aşağı səviyyədə uzun müddət qalması büdcə gəlirlərinə birbaşa mənfi təsir göstərə bilər.

Seçilən
85
nocomment.az

1Mənbələr