AZ

Maduro və həyat yoldaşı Nyu-York məhkəməsində: “Mən günahsızam və ölkəmin prezidentiyəm”

Venesueladan ABŞ-a aparılan prezident Nikolas Maduro və həyat yoldaşı Silija Flores artıq Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Maduro məhkəmə binasına qandallı, narıncı həbsxana geyimində gətirilib. Onun üzərində qara köynək və narıncı ayaqqabı olub. Məhkəmə zalında kameraların quraşdırılmasına icazə verilmədiyi üçün proseslə bağlı yalnız sonradan hazırlanacaq eskizlərin yayımlanacağı bildirilir.

Məhkəmə zamanı hakim Madurodan ayağa qalxaraq şəxsiyyətini təsdiqləməsini istəyib. O, suallara ispan dilində cavab verib və sinxron tərcüməni eşitmək üçün qulaqcıqdan istifadə edib. Maduro bildirib ki, o, Venesuelanın prezidentidir və öz evində saxlanılıb.

Onun sözlərinə görə, ittiham aktını görüb, lakin hələ tam oxumayıb, yalnız vəkili ilə qismən müzakirə edib. Maduro məhkəmədə özünü günahsız elan edərək bildirib: “Mən günahsızam, heç bir cinayət törətməmişəm. Mən dürüst bir insanam və hələ də ölkəmin prezidentiyəm.”

Eyni prosedur Maduronun həyat yoldaşı Silija Flores üçün də tətbiq olunub. O da məhkəmə qarşısında çıxış edərək tamamilə günahsız olduğunu bəyan edib.

Jurnalistlərin diqqət çəkdiyi məqamlardan biri də Maduronun proses boyunca bloknotda qeydlər aparması olub. O, qeydlərini saxlamaq üçün hakimdən icazə istəyib.

Qeyd edək ki, bu məhkəmə prosesi beynəlxalq miqyasda böyük rezonans doğurub və Venesuela–ABŞ münasibətlərində yeni gərginlik mərhələsi kimi qiymətləndirilir. Məhkəmənin gələcək mərhələlərinin uzunmüddətli olacağı və prosesin illərlə davam edə biləcəyi bildirilir.

Seçilən
83
nocomment.az

1Mənbələr