Maduronun müdafiəsini təmin edən vəkili onun girov müqabilində azadlığa buraxılması ehtimalını dəyərləndirib...
Venesuela prezidenti Nikolas Maduronun vəkili Barri Pollak Nyu-Yorkda keçirilən məhkəmə iclası zamanı bildirib ki, hazırda müvəkkilinin girov müqabilində azadlığa buraxılması üçün vəsatət qaldırmaq niyyətində deyil.
Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Müdafiə tərəfi açıqlayıb ki, girovla azadlığa buraxılma məsələsi indiki mərhələdə gündəmə gətirilməyəcək və müvafiq vəsatət daha sonra təqdim olunacaq. Hələlik bu qərarın konkret səbəbləri açıqlanmayıb, lakin əlavə detallərin növbəti mərhələlərdə məlum olacağı bildirilib.
Barri Pollak məhkəmədə çıxışı zamanı Nikolas Maduronun səhhətində problemlər olduğunu və bunun diqqət tələb etdiyini də vurğulayıb. O, həmçinin Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ hərbçiləri tərəfindən saxlanılma zamanı qabırğalarında sınıqlar ala biləcəyini bildirib. Müdafiə tərəfinin sözlərinə görə, bu hallar istintaq və məhkəmə prosesində nəzərə alınmalıdır.
Məhkəmə iclası zamanı Nikolas Maduro vəkili Barri Pollakın yanında əyləşib. Tərcümə üçün qulaqcıqlardan istifadə edən Venesuela lideri proses boyu qeydlər aparıb. Maduronun yanında onun həyat yoldaşı Siliya Flores və ikinci vəkili Mark Donnelli də olub. İttiham aktı elan olunmazdan əvvəl dairə hakimi Elvin Hellerştayn Venesuela prezidentini salamlayıb, Maduro isə başı ilə və jestlə cavab verib.
Qeyd edək ki, Maduronun işi beynəlxalq aləmdə böyük rezonans doğurub və prosesin gedişi həm ABŞ–Venesuela münasibətləri, həm də regiondakı siyasi vəziyyət baxımından diqqətlə izlənilir.
Poliqon.info