AZ

Şirin Mirzəyevin şəhid olması ilə bağlı sensasion açıqlama və ilk dəfə yayılan FOTO

"Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin şəhid olması sirli məqamlarla doludur. Ən sirli məqam odur ki,  avtomobili ermənilərin yola basdırdıqları minaya düşməyib. O, xidməti "UAZ"a quraşdırılan minanın partlaması nəticəsində şəhid olub".

"Yeni Sabah" xəbər verir ki, bu sensasiyalı açıqlama ilə Milli Qvardiyanın keçmiş komandiri, ehtiyatda olan polkovnik Əzizağa Süleymanov çıxış edib. 

O xatırladıb ki, yanvarın 5-i Birinci Qarabağ müharibəsinin şəhidi Ş.Mirzəyevin doğum gündür. 

Ə.Süleymanov doğum günündə dostu ilə bağlı açıqlama verməyi zəruri sayıb: 

"Sovet dönəmində Şirin Mirzəyevlə Daxili Qoşunların tərkibində bir yerdə xidmət etmişik. Üstəlik, 1991-ci ilin sonları, 1992-ci ilin əvvəlində cəbhənin Ağdam istiqamətində - Xocalı rayonunun Pirlər, Xanabad, Naxçıvanlı kəndləri, Əsgəran qəsəbəsi istiqamətində erməni separatçı-quldur dəstələrinə qarşı çiyin-çiyinə döyüşmüşük, döyüşləri idarə etmişik.

Şirin Mirzəyevin xidməti avtomobilində minaya düşərək şəhid olması ağır hadisə, böyük itki olmaqla yanaşı, sirli məqamlara malikdir. 

Hadisə yerində olan yüksək rütbəli keçmiş iş yoldaşlarımın dediklərinə görə 1992-ci il iyunun 18-də Müdafiə Nazirliyinin rəhbərliyi onu döyüşlərin gedişi, cəbhədəki vəziyyətlə bağlı hesabat verməyə dəvət edib. 

Şirin Mirzəyev həmin gün axşam saatlarına yaxın xidməti "UAZ"ı ilə Ağdamın Qaralar kəndi istiqmətindən Ağdərə rayonunun Sırxəvənd kəndinə gedən yolda müəmmalı şəkildə minaya düşüb. Partlayış nəticəsində onun qardaşı oğlu və arxa oturacaqda əyləşmiş hərbçi hadisə yerində şəhid olub. Şirin Mirzəyev isə bel nahiyəsindən ağır yaralanmışdı. Sürücü isə Partlayışdan xəsarət almadan salamat qalmışdı. 

O zaman Şirinin minaya düşdüyü ərazi Daxili Qoşunların mövqey tutduğu 11-ci postun ərazisinə yaxın idi deyə ilk köməyə yetişən də qoşunların zabitləri və əsgərləri olmuşdu. Hadisə yerinə ilk çatan Daxili Qoşunların zabitləri və əsgərlərinin dediyinə görə hadisənin ən sirli məqamı odur ki, Şirin Mirzəyevi aparan xidməti "UAZ" yola basdırılan minaya yox, avtomobilə quraşdırılan minanın partlaması nəticəsində yol kənarına aşmışdır. Həmin ərazidə isə yolda heç bir dağıntı olmamışdı. Hadisə yerinə ilk çatan Daxili Qoşunların zabitləri arasında hətta həkim də olub, ilk yardımı da onlar göstərib".


Telegram kanalımız
Seçilən
67
3
yenisabah.az

4Mənbələr