Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer gələcəyi ilə bağlı suallara aydınlıq gətirib.
QOL.az xəbər verir ki, "Sky Germany"un məlumatına görə, 39 yaşlı qolkiper klubla müqaviləsini yeniləyib-yeniləməyəcəyinə hələ qərar vermədiyini bildirib. O, yekun qərarını yaz aylarında verəcəyini söyləyib:
"Müsbət əhval-ruhiyyədəyəm, lakin qarşıdakı bir neçə ayın necə keçəcəyini görmək istəyirəm. Məqsədim yaxşı oyun nümayiş etdirməkdir. Qərarımı martın sonu və ya aprel ayında verəcəm. Həmin vaxta qədər bu mövsüm neçə oyunda iştirak etdiyimi və bədənimin buna necə reaksiya verdiyini daha dəqiq biləcəm. Üstəlik, artıq 40 yaşım olacaq. Klubla münasibətlərimiz yaxşıdır, görək proses necə davam edəcək".
Qeyd edək ki, Noyerin Münhen təmsilçisi ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. 2011-ci ildən "Bavariya"nın şərəfini qoruyan qapıçı cari mövsümdə (2025/2026) bütün turnirlərdə 20 oyuna çıxıb. O, bu görüşlərdə qapısında 21 qol görüb, 6 matçda isə qapısını toxunulmaz saxlayıb.