AZ

Ədəbiyyatımızda gender bərabərliyinin tarixi nümunələri

“Qadına da  kişi qədər düşünmə və mənəviyyat verilmişdir. Qadınların da kişilər qədər azadlıq haqqına sahib olması gərəkdir”.

Mahatma Qandi

XX əsrin əvvəllərindən başlamış Gender bərabərliyi müasir terminologiyada vətəndaşlıq pasportu qazansa da, hələ qədim dövrlərdən Azərbaycanda onun tarixi nümunələri mövcud idi. Belə ki, Azərbaycan tarixi təkcə qəhrəman oğullarımızın deyil, qəhrəman qadınlarımızın da şücaəti ilə zəngindir. Onların arasında diplomatlar, hökmdarlar, hətta sərkərdələr, döyüşçülər də olub. Buna misal olaraq qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında Burla xatun, Banu Çiçək, Selcan xatun kimi kişilərlə qoşa yay çəkib, cıdırda at yarışında öndə gedən qəhrəman qadınlarımız haqqında geniş məlumatlar verilmişdir.

Artıq, tarixdə əfsanələşmiş,  ədəbiyyatımızda isə qəhrəman qadın simvoluna çevrilən qədim Azərbaycan ərazisində mövcud olan  Massaget şahlığının hökmdarı Tomrisi misal gətirə  bilərik ki, o, İran şahı Kirin Azərbaycana hücumunun qarşısını almış, böyük hünər, ağıl və mətanət göstərmişdir. Massagetlərin hökmdarı öldükdən sonra, hakimiyyətə onun qadını Tomris keçmiş və onun  igidliyi  yarım həqiqət və bəzən də əfsanələşdirilmiş şəkildə dastanlara çevrilmişdir.

Təkcə Azərbaycanın deyil, dünya ədəbiyyatının da körkəmli nümayəndəsi olan, orta əsrlərdə yaşamış Nizami Gəncəvinin qələmə aldığı “Xosrov və Şirin” əsərində qeyd olunduğu kimi, Bərdə hökmdarı Nüşabə böyük fateh makedoniyalı İsgəndərlə görüşüb, öz müdrikliyi ilə onu qan tökməkdən çəkindirməklə, əslində, yüksək  qadın zəkasının cəmiyyət üçün necə faydalı olmasını göstərmişdir. Bu da ondan xəbər verir ki, Azərbaycan qadınları ictimai-siyasi həyatda dövlət və cəmiyyət yükünü kişilərlə bərabər çəkməklə, yüksək ağıl, şücaət, xarakter nümayiş etdirərək tarixdə xüsusi fəallıq göstəriblər.

Daha sonra bu cür gercək tarixi nümunələrdən Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbəyin zövcəsi (arvadı) Mehrican xatun 1225-ci ildə Təbriz, Xoy, Naxçıvanın işğaldan azad olunmasında böyük hünər göstərməsini, 1776-cı ildə Quba xanı Fətəli xanın zövcəsi (arvadı) Tuti Bikənin ərinin döyüşdə öldürülməsi barədə şayiələrə inanmayaraq  9 ay düşməni Dərbənd şəhərinə yaxın buraxmamasını, XIX əsrin ikinci yarısında Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcərin əlində silah 25 ildən artıq at belində  Nəbi ilə birgə cəmiyyətdəki ədalətsizliklərə qarşı mübarizə aparmasını misal göstərmək olar.

Yuxarida göstərilən tarixi hadisələrdən də göründüyü  kimi Azərbaycan qadınları, cəmiyyətin ictimai-siyasi hadisələrində xüsusi fəallığının genetik  ardıcıllığını, XX əsrin əvvəllərində “Qadın azadlığı” kimi ictimai tələb olaraq  ortaya qoydu. Buna Azərbaycanın körkəmli yazıçısı, dramaturqu Cəfər Cabbarlının  1928- 1931-ci illərdə qələmə aldığı  “Sevil”, “Almaz” kimi pyeslərində o dövrdə  qadınların,  cəhalətə qarşı apardıqları mübarizəsini və onların cəmiyyətdəki mübariz rolu ilə yanaşı geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsini misal göstərmək olar. Bu mübarizlik ruhu o səviyyədə inkişaf etmişdir ki, çox qadınlar şəhərdəki teatr tamaşalarını izlədikdən sonra çadra geyinməkdən imtina etmiş, geyinənlər də çadralarını gerilik əlaməti kimi çıxarıb atmışlar.

Bunu da qeyd edək ki, qadınlarımız cəmiyyətin ictimai tələblərinə hər zaman açıq olmuşlar. Belə ki, 1941-ci ildə bütün dünyanı çuğlayan  faşizm kabusuna (qorxunc təhlükə) qarşı kişilərlə bərabər, qadınlarımız da böyük rəşadətlər göstərmiş, qələbənin təmin olunmasında canlarından keçmişlər. 1941-ci ildən 1945-ci ilədək davam etmiş müharibədə qadınlarımız arxa cəbhədə ölkəmizin bütün şəhər və kəndlərində yüksək əmək fədakarlığı göstərərək ön cəbhəyə misilsiz tövhələr vermişlər.. Bu barədə çoxsaylı  kitablar yazılmış, filmlər çəkilmişdir.

Adətən, bütün dünyada qadınların, “Qadın hüquqları” nı basqı altında saxlayan köhnəlmiş adətlərə qarşı mübarizəsi paytaxt şəhərlərdə baş verdiyindən,  regionlarda yaşayan qəsəbə və kənd qadınlarının hüquqları hələ də köhnə adətlərin təsiri altında tapdalanmaqdadır. Müasir dünyanın gender bərabərliyi (kişi  və qadınların) çərçivəsində  tələbi isə, regionlarda yaşayan qadınların yuxarıda göstərilən genetikasındakı öz hüquqları uğrunda ictimai mübarizəsini oyatmaq və inkişaf etdirməkdir.

Seçilən
50
qht.az

1Mənbələr