ABŞ məhkəməsində Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı məhkəmə prosesi 2027-ci ilə qədər başlamaya bilər.
Newscenter.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat verib.
Agentlik bildirib ki, mahiyyəti üzrə dinləmədən əvvəl bir neçə iclasın keçirilməsi gözlənilir ki, bu iclaslarda məhkəmə tərəfləri bir-birlərinə araşdırma üçün sübutlar təqdim edəcək, eləcə də vəsatətlər verəcəklər.
Maduronun hazırkı vəkili əvvəllər WikiLeaks-in qurucusu Julian Assanjı təmsil edən Barri Pollakdır. Onun həyat yoldaşı Floresin vəkili isə Mark Donnellydir. Təqsirləndirilən şəxslərin zəruri hallarda vəkil dəyişdirmək hüququ var.
Qeyd olunur ki, Venesuela liderinin və həyat yoldaşının azadlığa buraxılması ehtimalı azdır.
Bazar ertəsi günü Maduro və həyat yoldaşı ilk dəfə Nyu-Yorkun Cənub Dairəsindəki federal məhkəmədə çıxış ediblər. Hər ikisi onlara qarşı irəli sürülən ittihamlar üzrə özlərini günahkar bilməyiblər. ABŞ hakimiyyəti Venesuela liderini narkoterrorizm törətməkdə, kokain idxal etməkdə, silah və partlayıcı qurğular saxlamaqda və ABŞ-a qarşı silah və partlayıcı qurğular saxlamaqda ittiham edir.
Anar