AZ

ABŞ-ın Qrenlandiyaya iddiaları NATO-da gərginliyi artırır

Stokholm, 6 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində Amerika nəzarətinin qurulması zərurəti ilə bağlı bəyanatları Danimarkada və avropalı müttəfiqləri arasında ciddi narahatlıq doğurub.

AZƏRTAC xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın ünvanına təhdidlərin ciddi qəbul edildiyini və nə Kopenhagenin, nə də Nuukun mövcud sərhədləri pozan təzyiqi qəbul edəcəyini vurğulayıb. O, həmçinin NATO üzv ölkəsinə mümkün ABŞ hərbi hücumunun bütün Şimali Atlantika Alyansına ağır zərbə ola biləcəyi barədə xəbərdarlıq edib.

Bu narahatlıqları NATO üzrə ekspertlər də bölüşürlər. Tədqiqatçı Maqnus Kristianson hesab edir ki, Amerikanın Qrenlandiya üzərində nəzarəti alyansın təməlini sarsıda bilərdi. Onun sözlərinə görə, Qrenlandiya məsələsi uzun müddətdir NATO daxilində susdurulur və rəsmi forumlarda qaldırılmayıb. Lakin indi vəziyyət kəskinləşib, çünki ABŞ özü təzyiq təşəbbüskarıdır.

Tramp iddialarını milli təhlükəsizlik mülahizələri, o cümlədən Qrenlandiyanın raket erkən xəbərdarlıq sistemi üçün strateji əhəmiyyəti ilə əsaslandırır. Ekspertlər qeyd edirlər ki, Danimarka artıq əməkdaşlığa və investisiyalara açıqdır, ABŞ-ın mövqeyində ziddiyyətlər isə inamsızlığı yalnız artırır. Vaşinqtonun Latın Amerikasındakı hərəkətləri də daxil olmaqla, digər xarici siyasət addımları da Avropada əlavə həyəcan doğurur.

 

Seçilən
36
3
azertag.az

4Mənbələr