Ankara, 6 yanvar, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP31) Tərəflər Konfransının 31-ci sessiyası Türkiyənin iqlim gündəliyi üçün “tarixi fürsət” olacaq. Qarşıdan gələn sammit bəşəriyyətin ətraf mühit dəyişmələrinə uyğunlaşmaq səyləri baxımından vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin Bosfor Universitetinin professoru, iqlim dəyişmələri sahəsində tədqiqatları ilə tanınan Mehmet Levent Kurnaz bildirib.
Onun sözlərinə görə, iqlim böhranı artıq gələcək nəsillərə buraxıla biləcək problem deyil. “daşqınlar, quraqlıqlar, anormal istilik dalğaları, meşə yanğınları və su çatışmazlığı bu günün real problemləridir. Orta qlobal temperatur artımı 1,5 dərəcə Selsi həddinə çatıb və bir çox alim iqlim böhranının qarşısını almağın mümkün olmadığını açıq şəkildə söyləyir. Ən yaxşı halda ən pis ssenariləri məhdudlaşdırmağa çalışa bilərik”, - deyə Türkiyə universitetinin professoru hesab edir.
Ekspert qeyd edib ki, bu il məhz bəşəriyyətin elan edilmiş 1,5 dərəcəlik qlobal istiləşmə həddini birdəfəlik aşacağı nöqtə olacaq.
Kurnaz dövlətlərin iqlim siyasətinin yalnız istixana qazı tullantılarının azaldılması addımlarına yönəldilməsini “məhdud konsepsiya” adlandırıb.
“Türkiyə iqlim böhranına son dərəcə həssas bir bölgədə yerləşir. Temperatur normasının yüksəlməsi, yağıntıların miqdarının azalması, quraqlıq dövrünün artması və qəfil leysan yağışlar kənd təsərrüfatı və su resurslarının idarə edilməsindən tutmuş şəhər infrastrukturu və enerji sistemlərinə qədər ölkəyə birbaşa təsir göstərir. Buna baxmayaraq, Türkiyədə iqlim müzakirələri “qlobal məqsədlər” və “uzunmüddətli transformasiyalar” kimi anlayışlar ətrafında dolanır. Bunun əvəzinə, iqlim böhranının qaçılmaz nəticələrindən qorunmaq üçün konkret tədbirləri nəzərdən keçirmək lazımdır. Yəni, uyğunlaşma siyasətinə, risklərin azaldılmasına və dayanıqlığa əsaslanan yanaşmalar hazırlamaq lazımdır”, - deyə ekspert təklif edir.
Professor Türkiyədə iqlim dəyişmələri səbəbindən zərərin miqyasına diqqət çəkib. “2025-ci ildə quraqlıq və şaxtalar məhsuldarlığın azalmasına səbəb oldu: meyvə - 30,9 faiz, buğda - 13,7 faiz, arpa - 25,9 faiz, paxlalılar - 29,2 faiz, yağlı toxumlar - 11,1 faiz və pambıq - 13,8 faiz”. Ölkəmiz bu cür zərəri uzun müddət kompensasiya etmək gücündə deyil. Buna görə də, məsələyə yanaşmaları məhz bu gün dəyişdirmək lazımdır”, - deyə o, əminliyini ifadə edib.
Alimin fikrincə, Türkiyədə COP31-in keçirilməsinin əsl dəyəri məhz bundadır. “Qarşıdan gələn sammit iqlim böhranı məsələsini Türkiyədə ən azı bir il, bəlkə də daha uzun müddət ictimai gündəmdə saxlamağa imkan verəcək. Bütün bu müddət ərzində iqlim dəyişikliyi mövzusu mediada, akademik dairələrdə, özəl sektorda, yerli hakimiyyət orqanlarında və vətəndaş cəmiyyətində müzakirə olunacaq. Bu, nadir fürsətdir”, - deyə ekspert izah edib.
Professor davam olaraq qeyd edib ki, iqlim dəyişikliyi problemini yalnız “karbon yanacağının istifadə edilməsi” baxımından deyil, həm də su təhlükəsizliyi, ərzaq təminatı, şəhər dayanıqlığı, sağlamlıq riskləri, sığorta sistemləri və infrastruktur planlaşdırması kimi istiqamətlərdə müzakirə etmək lazımdır. “Başqa sözlə, vətəndaşlara iqlim böhranının mücərrəd ekoloji problem deyil, hər bir insanın gündəlik həyatına təsir edən geniş risklər diapazonunun olduğu daha aydın olacaq. COP31 bəlkə də iqlim böhranını dayandıra bilməz, amma o bizi daha hazırlıqlı və dözümlü olmağa məcbur edə bilər. Türkiyə üçün qarşıdan gələn sammitin real fürsəti də məhz bundan ibarətdir”, - deyə ekspert sözünü yekunlaşdırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara