BAKI, 6 yanvar. TELEQRAF
İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putindən Tehrana İsrailin İrana hücum etmək niyyətində olmadığı barədə mesaj ötürməyi xahiş edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti Kan diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu bu xahişi Rusiya prezidenti ilə son telefon danışığı zamanı səsləndirib. İsrail baş naziri belə bir addımı İranın mümkün preventiv zərbəsindən ehtiyat etdiyi üçün atıb. "Kan"ın iddiasına görə, Təl-Əviv Tehranın İsrailin ehtimal olunan hücumunun qarşısını almaq məqsədilə qabaqlayıcı hücum edə biləcəyindən narahatdır.
Eyni zamanda qeyd olunur ki, Netanyahu yanvarın 5-də Knessetdə çıxışı zamanı İsrailin İrana mesaj göndərdiyini və yəhudi dövlətinə hücum ediləcəyi təqdirdə bunun İran üçün ağır nəticələrə səbəb olacağını bəyan edib. Kan bildirir ki, İsrailin siyasi və təhlükəsizlik dairələri son vaxtlar İran məsələsi də daxil olmaqla müxtəlif təhlükəsizlik mövzularını müzakirə ediblər.
Kremlin rəsmi məlumatına əsasən, Vladimir Putin və Benyamin Netanyahu arasında son telefon danışığı 2025-ci il noyabrın 15-də baş tutub.