Azərbaycanın gənc alimi və yazıçı İlahə Səfərzadə Hindistanda “Sülh və sosial harmoniyanın təşviqinə yönəldilmiş sufizm və dinlərarası dialoq – Dara Şikohun dini harmoniya üzərində vəqidəsinə xüsusi istinadla” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
Yenicag.az xəbər verir ki, gənc alim Qauhati Universitetində keçirilən konfransda “Azərbaycan təsəvvüf ədəbiyyatında qadın obrazları” başlıqlı məruzə ilə çıxış edib.
İ. Səfərzadə məruzəsində təsəvvüf poeziyasında qadın obrazlarının mistik və simvolik məna daşdığını diqqətə çatdırıb, klassik Şərq poeziyasında qadının çox vaxt ilahi eşqin, saf məhəbbətin, ruhi təmizlik və ülvi gözəlliyin rəmzi kimi təqdim olunduğunu bildirib.
“Azərbaycan təsəvvüf ədəbiyyatında da qadın obrazlarına müraciət bu ənənənin davamı olaraq meydana çıxmış, sosial-mədəni kontekstə uyğun olaraq yeni çalarlar da qazanmışdır. Bu əsərlərdə qadın kamilliyə aparan yolun simvolu və maddi aləmin cazibəsinə işarə edən metaforik varlıqdır”, – gənc alim açıqlamasında deyib.
Onun sözlərinə görə, ədəbiyyat tariximizdə Nəsimi, Füzuli, Xətai kimi böyük söz ustadlarının yaradıcılığında qadın obrazlarının təsəvvüfi məna daşıması təsadüfi deyil:
“Bu obrazlar ilahi eşq anlayışının bədii ifadəsini gücləndirmiş, estetik mükəmməllik qazanmışdır. Qadın surəti bəzən simvolik olaraq müridin mənəvi yolunun təcəssümü, bəzən də Allah eşqinin metaforu kimi şairlərin poeziyasına daxil olmuşdur”.