ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Benzin və dizel yanacağının bahalaşması cəmiyyətdə yeni suallar doğurub. Ən çox müzakirə olunan mövzulardan biri isə taksi xidmətlərində qiymətlərin dəyişib-dəyişməyəcəyidir.
Yanacaq qiymətlərindəki artım taksi tariflərinə nə dərəcədə təsir göstərə bilər? Yaxın vaxtlarda bahalaşma gözlənilirmi?
Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, yanacaqda müşahidə olunan cüzi qiymət artımı bütün sahələrdə, xüsusilə də taksi tariflərində bahalaşma üçün əsas vermir:
“Yalnız Tarif Şurasının rəsmi açıqlamasından sonra yeni tarif dərəcələri və mümkün qiymət artımı müzakirə mövzusu ola bilər. Mövcud vəziyyətdə qiymət artımını süni bahalaşma kimi qiymətləndirirəm. Çünki 5 qəpiklik artım kütləvi xərc yüksəlişi yaratmır və taksi tariflərinin artırılması üçün iqtisadi əsas formalaşdırmır. Bu halda əsas diqqət xidmətin şəffaflığına yönəldilməlidir. Belə ki, taksilərdə POS-terminallar quraşdırılmalı, vətəndaşlara kartla ödəniş imkanı yaradılmalıdır. Eyni zamanda taksi fəaliyyəti göstərən şirkətlər və fərdi sürücülər ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməlidirlər. Bu sahədə artıq kifayət qədər kütləvi şikayətlər mövcuddur. Kartla ödəniş etmək istəyən sərnişinlərə sürücülər imtina verir, əsasən nağd ödənişlər qəbul olunur, lakin kassa çeki təqdim edilmir. Bu isə vergi qanunvericiliyinin pozulması deməkdir və qeyri-şəffaflığı artırır”.
Günay Hüseynova
İqtisadçı qeyd edib ki, yaxın dövrdə taksi tariflərində bahalaşma gözlənilmir:
“Lakin ictimai nəqliyyatda qiymət artımı baş verərsə və bunun nəticəsində taksi ilə ictimai nəqliyyat arasındakı qiymət fərqi azalarsa, eləcə də taksi sektorunda tələbin təklifi üstələdiyi bir vəziyyət yaranarsa, bu məsələ müzakirə predmetinə çevrilə bilər”.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə bildirib ki, yanacağın qiymətindəki artımdan asılı olmayaraq, taksi tariflərinin bahalaşması daim müzakirə mövzusudur:
“Lakin hazırda taksi qiymətlərinin artırılacağına dair əsaslı səbəblər mövcud deyil. Çünki fəaliyyət göstərən taksilərin əksəriyyəti həm yerli, həm də beynəlxalq aqreqatorların tələblərinə uyğun olaraq hibrid və elektromobillərdən ibarətdir. Bu amil yanacaq xərclərinin təsirini minimuma endirir. Bu sahədə dövlətin tətbiq etdiyi taksi tənzimləmələri çərçivəsində yaş senzuru müəyyən olunub və ölkəyə gətirilən nəqliyyat vasitələrinin böyük hissəsi elektromobillərdir. Elektromobillərə təqdim olunan güzəştlər də bu siyasəti dəstəkləyir. Ona görə də benzin və dizel qiymətlərindəki artım taksi tariflərinə ciddi təsir göstərmir və qiymətlərdə əhəmiyyətli dəyişiklik gözlənilmir”.
Aslan Əsədov
Ekspert əlavə edib ki, yanacaq qiymətlərinin artımı müəyyən dərəcədə kənd təsərrüfatı texnikalarına təsir göstərə bilər:
“Bununla yanaşı, bəzi proseslər diqqətdə saxlanılmalıdır. Əks halda, bu, yalnız taksi sahəsində deyil, digər sektorlar üzrə də kütləvi bahalaşmaya səbəb ola və nəticədə vətəndaşların narazılığına yol aça bilər. Hazırkı şəraitdə isə qiymət artımının mövcud vəziyyətlə uyğun gəlmədiyi müşahidə olunur”.
Ləman İmran
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.