AZ

Zəfərin beşinci ilini yeni nailiyyətlərlə yola saldıq 

Prezident İlham ƏLİYEV: "Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq"

Yola saldığımız 2025-ci il də xalqımızın tarixində uğurlu il kimi qaldı. Bütün sahələrdə, o cümlədən iqtisadi sahədə mühüm nailiyyətlər qazanıldı, əhəmiyyətli yeniliklər baş verdi. Əvvəlki illərdən start götürmüş möhtəşəm layihələr nəzərdə tutulduğu qaydada davam etdirildi, növbəti müqavilələr imzalandı, yeni müəssisələr istifadəyə verildi, təzə evlər tikildi. Neçə-neçə təməlqoyma mərasimi keçirildi... Bir sözlə, iqtisadi qüdrətimiz daha da artdı, ölkəmiz daha da güclü oldu.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində dediyi kimi, iqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik: "Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - 80 milyard dollardan artıqdır. Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar - investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar".

Elə investisiyalardan başlayaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-noyabr aylarında ölkəmizin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16658,9 milyon manat, yəni ondan əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox investisiya yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 78 faizini təşkil edib. Sərmayələr sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, turizm və digər sahələrə yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyanın 97,9 faizi Böyük Britaniya və Şımali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, İsveçrə, Yaponiya, İran İslam Respublikası, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub. 

2025-ci ildə Azərbaycanda neft və qaz hasilatı ahəngdar gedib. Bu, ixracın da fasiləsizliyinə imkan verib. Beləliklə, dünya bazarlarına ölkəmizdə hasil olunan karbohidrogenlərin ixracı davam edib. 22 ölkəyə neft, 14 ölkəyə qaz ixrac olunub. Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkə sırasına İtaliya, Çexiya, Xorvatiya, Rumıniya və Almaniya daxildir. 

Ölkəmizin mavi yanacaq ixracı coğrafiyası da ildən-ilə genişlənir. Belə ki, ötən il Azərbaycandan Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna və Suriya qaz alıb. Avropaya qaz ixracı artıb. Xatırladaq ki, Azərbaycandan 8-i Avropa İttifaqının üzvü olmaqla 10 Avropa ölkəsi qaz idxal edir. 

Yeri gəlmişkən, Avropaya qazı nəql edən TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) istifadəyə verilməsinin ötən ilin son günündə 5 ili tamam oldu. 

Keçən il paytaxtımızda ənənəvi Bakı Enerji Həftəsi uğurla keçdi. Məlum olduğu kimi, bu mühüm tədbirin bazasını Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi təşkil edir. Budəfəki sərgi yubiley səgisi idi - 30-cu dəfədir keçirilirdi. Özəlliyi həm də onda idi ki, bu tədbir çərçivəsində enerji sahəsinə aid bir sıra yeni müqavilələr imzalandı.

İnsanların rahat yaşaması, iqtisadiyyatın dinamik inkişaf etməsi üçün yolların nə dərəcədə əhəmiyyətli olduğu hamıya yaxşı bəllidir. Elə buna görə də yeni yolların çəkilişi, köhnələrin isə əsaslı təmiri Azərbaycan dövlətinin iqtisadi siyasətində öndə dayanan məsələlərdəndir. Yola saldığımız il ərzində də yeni yollarımızın açılışı oldu. Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun, Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan "Şəfəq" Günəş-Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak etdi. Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış oldu. Dövlətimizin başçısı eləcə də yol çəkilişi və təmiri ilə bağlı neçə-neçə yeni sərəncamlar da imzaladı.

Çoxsaylı yaşayış evləri, inzibati binalar, yeni sosial-iqtisadi infrastruktur da ötən ilin uğurları sırasındadır. Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının, Gəncədə avtoparkın və stadionun,Sumqayıtda tikinti kimyəvilərinin istehsalı zavodunun, Abşeron rayonunda dərman preparatları müəssisəsinin istifadəyə verilməsi və s. ilin uğurları sırasına yazılıb. Onlarca müəssisə ölkəmizin iqtisadi xəritəsini zənginləşdirməklə yanaşı, həm də ayrı-ayrı sahələrin inkişafına təkan verib. Təqdirəlayiqdir ki, bunların bir çoxu ərzaq təhlükəsizliyinə xidmət edir. 

Bu qəbildən olan müəssisələrin qurulması, onların fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi, rəqabətədavamlı məhsulun istehsalı və çeşidinin genişləndirilməsi ümumilikdə ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Yerli xammal əsasında istehsalın genişləndirilməsi isə daxili bazarın sabit saxlanılması ilə bərabər, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir, ixrac potensialını daha da artırır. Bunlar "Made in Azerbaijan" brendi ilə məhsulların xarici bazarlara çıxarılması məsələsində olduqca mühüm əhəmiyyət kəsb edir. Məsələn, Bakıdakı "Nobel Food İndustry" MMC-nin müxtəlif növ və çeşiddə qəlyanaltı məhsullarının istehsalı zavodu. "Azərsun Holdinq"ə məxsus "Qafqaz" konserv zavodu və "Shervan" MMC-nin həmtəsisçiliyi ilə istismara verilən bu müəssisədə müxtəlif növ və çeşiddə qəlyanaltı məhsulları - popkorn, çərəz və quru meyvə istehsal olunacaq. Məhsulların yerli istehlakçılara təqdim edilməsi ilə bərabər, müxtəlif ölkələrə ixracı da nəzərdə tutulur.

İsmayıllı rayonunun Topçu kəndində açılan "Coca-Cola Bottlers" MMC-nin yeni istehsal müəssisəsi illik 165 milyon litr istehsal gücünə malikdir. Layihənin investisiya dəyəri 80 milyon manatdır. Bu, "Coca-Cola Bottlers" MMC-nin ölkəmizdə ikinci istehsal müəssisəsidir. "Coca-Cola"nın Azərbaycana investisiyalarının artırılması da ölkədə əlverişli biznes mühitinin və cəlbedici investisiya şəraitinin mövcudluğundan irəli gəlir. 

Bu siyahını xeyli uzatmaq da mümkündür. Ümumiyyətlə, iqtisadiyyatımızın istənilən sahəsinə üz tutsaq, neçə-neçə belə yeniliyin şahidi olarıq. Əgər buraya il ərzində Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərini də əavə etsək, tarixə qovuşan ilimizin mənzərəsi daha aydın görünər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Deməli, bu ilin uğurları üçün möhkəm zəmin var! 

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr