Tailand və Kamboca arasında yerləşən sərhəd bölgəsində atəşkəs rejiminin pozulduğu bildirilir. Tailand hakimiyyəti Kambocanı razılaşdırılmış atəşkəs şərtlərinə əməl etməməkdə ittiham edib. AzPost Tailand Xarici İşlər Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, insident yanvarın 6-da səhər saatlarında baş verib.
Məlumata görə, hadisə yerli vaxtla saat 07:25-də Tailandın Ubonraçatxani əyalətində yerləşən Çonq Boq bölgəsində qeydə alınıb. Kamboca silahlı qüvvələrinin həmin ərazini minaatanlardan atəşə tutduğu bildirilib. Açılan atəş nəticəsində bir tailandlı hərbçi qəlpə yarası alıb.
Tailand XİN-in açıqlamasında vurğulanıb ki, baş verənlər iki ölkə arasında əldə olunmuş razılaşmaya ziddir. Xatırladılıb ki, Tailand və Kamboca dekabrın 27-də, iki ölkənin Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasının yekununda atəşkəs barədə razılığa gəlib. Razılaşmaya əsasən, atəşkəs rejimi həmin gün saat 12:00-dan qüvvəyə minib.
Qeyd edək ki, bundan əvvəl – dekabrın 7-dən etibarən Tailand və Kamboca arasında sərhəd bölgəsində gərginlik yenidən artmış, tərəflər arasında qarşıdurma müşahidə olunmuşdu. Son insident bölgədə vəziyyətin hələ də tam sabitləşmədiyini göstərir.