“Qəbələ” yeni transferini açıqladı. “Qırmızı-qaralar” seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə müqavilə bağlayıb.
Təcrübəli futbolçu “Liepaya” klubunda çıxış edərkən bizə tanış simalarla bir yerdə oynayıb. Keyta Latviya təmsilçisində 2017-2022-ci illərdə forma geyinib. O, 2019-cu ildə bu klubda “Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkovun rəhbərliyi altında oynayıb. Həmin il millimizin sabiq futbolçusu Vüqar Əsgərov da Keyta ilə bir komandada olub.
“Qəbələ”nin sabiq hücumçusu Dodo isə 6 ildir ki, “Liepaya”nın şərəfini qoruyur. O, bu klubda 175 oyunda 67 qol vurub. Qeyd edək ki, Dodo “Qəbələ” tarixinin ən çox qol vuran (30 qol) ikinci futbolçusudur.
Vaxtilə “Qəbələ”, “Rəvan”, “Qarabağ” kimi klublarda oynamış Kristian Torres də “Liepaya”da Keyta ilə komanda yoldaşı olub.