Hazırda beynəlxalq gündəmin əsas mövzularından biri Venesuelada baş verən hadisələrdir. Yanvarın 3-də ABŞ Karakasdakı hərbi hədəflərə zərbələr endirib və həmin gün Venesuelada fövqəladə vəziyyət elan edilib. Bir müddət sonra ABŞ Prezidenti Donald Tramp Venesuelaya endirilən zərbələri, ölkə prezidenti Nikolas Maduronun və həyat yoldaşı Siliya Floresin əsir götürüldüyünü təsdiqləyib. CNN telekanalının məlumatına görə, hazırda onlar Nyu-Yorkun cənubundakı Bruklin həbsxanasında saxlanılır. Nyu-Yorkdakı venesuelalı immiqrantlar Nikolas Maduro və həyat yoldaşının ələ keçirilməsini bayram edirlər.
Xəbərdarlıqdan nəticəyə doğru
Xatırladaq ki, ABŞ Prezidenti narkotik ticarətinə son qoyulması üçün Maduroya dəfələrlə xəbərdarlıq etmişdi. Çünki bu problem Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün təhdid hesab olunurdu. Xəbərdarlıq nəticə vermədiyi üçün Vaşinqton belə bir əməliyyat keçirib.
Donald Tramp keçirdiyi mətbuat konfransında təhlükəsiz, düzgün və sağlam düşüncəli dəyişiklik baş verənə qədər Venesuelanı idarə edəcəklərini bəyan edib. O bildirib ki, ABŞ-ın məqsədi məhz sağlam düşüncəli idarəçiliyin olmasıdır: “Biz böyük Venesuela xalqı üçün, o cümlədən hazırda ABŞ-da yaşayan və ölkələrinə qayıtmaq istəyən bir çox venesuelalı üçün sülh, azadlıq və ədalət istəyirik. Venesuela xalqının rifahını düşünməyən başqa birisinin Venesuelanı ələ keçirməsi riskini gözə ala bilmərik. Biz buna imkan verməyəcəyik. Biz indi oradayıq və düzgün keçid mümkün olana qədər qalacağıq”. Tramp əlavə edib ki, Venesuela prezidenti Nikolas Maduro ələ keçirilərkən bir neçə amerikalı xəsarət alıb. O, əməliyyat zamanı heç bir amerikalının ölmədiyini bildirib: “Bir neçə nəfər vurulub. Amma onlar geri qayıtdılar və kifayət qədər yaxşı vəziyyətdədirlər. Əməliyyat zamanı 1 helikopter vurulub, lakin heç bir təyyarə itkisi olmayıb”.
Maduro necə ələ keçirilib?
Yeri gəlmişkən, ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək üçün gecə ərzində aparılan missiyası “Tam Qətiyyət Əməliyyatı” adlandırılıb. Bu barədə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bəyan edib. “Tam Qətiyyət Əməliyyatı” kimi tanınan əməliyyat yanvarın 2-də gecə yarısı gizli, dəqiq və aylarla davam edən planlaşdırma və məşq nəticəsində, yalnız ABŞ ordusunun həyata keçirə biləcəyi bir əməliyyatın kulminasiya nöqtəsi idi”, - deyən general əməliyyatın bəzi detallarını da açıqlayıb və qeyd edib ki, Maduronun necə hərəkət etdiyi, harada yaşadığı, haraya səyahət etdiyi, nə yediyi, nə geyindiyi aylarla izlənilib. “Qərb yarımkürəsində quru və dənizdəki 20 fərqli bazadan 150-dən çox təyyarə havaya qalxdı. Ərazidə həyata keçirilən bir sıra zərbələrlə qorunan vertolyotlar gecə saat 1:00 radələrində Maduronun qərargahına çatdı. Maduro və həyat yoldaşını ələ keçirmək üçün mühafizə qüvvələri atəşə tutulduqdan sonra çoxsaylı özünümüdafiə əməliyyatları keçirilib və sonra - saat 3:29 radələrində Venesueladan geri uçublar”, - deyə Den Keyn vurğulayıb.
Rəsmilərin sözlərinə əsasən, Nikolas Maduronun işi ilə bağlı Manhetten Federal Məhkəməsində ilk dinləmənin keçirilməsi nəzərdə tutulur. ABŞ Ədliyyə Nazirliyinin bu yaxınlarda açıqladığı ittihamnaməsində Nikolas Maduro genişmiqyaslı narkotik qaçaqmalçılığı əməliyyatı ilə dəstəklənən “korrupsiyalaşmış, qanunsuz hökumətin” idarə edilməsində ittiham olunur, bunun nəticəsində ABŞ-a minlərlə ton kokain gətirilib.
BMT Baş katibi narahatdır
ABŞ dövlət katibi Marko Rubio isə “NBC News”a müsahibəsində deyib ki, ABŞ Venesuela ilə deyil, narkotik kartelləri ilə müharibə aparır. O bildirib ki, ölkəsi neft sanksiyaları ilə bağlı Amerika qanunlarını tətbiq edir, məhkəməyə müraciət edir, order alır və neft daşıyan gəmiləri ələ keçirir. Dövlət katibi, Venesuelada heç bir Amerika qoşununun olmadığını və Venesuelada qalan liderləri düzgün qərar verərsə, ABŞ-ın onlarla işləməyə hazır olduğunu əlavə edib.
Yeri gəlmişkən, beynəlxalq ictimaiyyət də Venesuelada baş verənlərə reaksiya verib. BMT Baş katibi Antonio Quterreş Venesueladakı gərginlikdən və ABŞ-ın ölkədəki hərbi əməliyyatlarından dərin narahatlıq keçirib. Bu barədə Baş katibin sözçüsünün bəyanatında deyilir. Quterreş bu halın region üçün potensial narahatedici nəticələrə səbəb ola biləcəyini bildirib. “Venesueladakı vəziyyətdən asılı olmayaraq, bu hadisələr təhlükəli bir presedent təşkil edir. Baş katib BMT Nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüquqa hamı tərəfindən tam hörmət edilməsinin vacibliyini vurğulamağa davam edir. O, beynəlxalq hüququn qaydalarına hörmət edilməməsindən dərin narahatdır”, - deyə bəyanatda qeyd olunub. Baş katib bütün tərəfləri insan hüquqlarına və qanunun aliliyinə tam hörmətlə yanaşılan inklüziv dialoqa çağırıb.
Aİ-dən çağırış
Avropa İttifaqı (Aİ) isə Venesuelada vəziyyətin sülh yolu ilə, demokratik və inklüziv həllini dəstəkləməyə davam edəcək. Aİ Şurasının rəhbəri Antoniu Koşta “X” sosial şəbəkəsində yazıb ki, “Venesueladakı vəziyyəti böyük narahatlıqla izləyirəm. Avropa İttifaqı münaqişənin deeskalasiyasına və vəziyyətin beynəlxalq hüquqa və BMT Nizamnaməsində təsbit edilmiş prinsiplərə tam riayət olunmaqla həllinə çağırır”. A.Koşta, həmçinin qeyd edib ki, Venesueladakı Aİ vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın üzv dövlətlərlə koordinasiyalı şəkildə həyata keçirdiyi səyləri dəstəkləyir.
Kaya Kallas isə ABŞ-ı Venesuelada həyata keçirdiyi əməliyyat fonunda təmkinli olmağa çağırıb. O, ABŞ dövlət katibi Marko Rubio, eləcə də Aİ-nin Karakasdakı səfiri ilə danışıqlar aparıb: “Aİ dəfələrlə cənab Nikolas Maduronun legitimliyinin olmadığını bildirib və hakimiyyətin sülh yolu ilə ötürülməsini dəstəkləyib. İstənilən halda beynəlxalq hüquq və BMT Nizamnaməsinin prinsiplərinə əməl edilməlidir. Biz təmkinli olmağa çağırırıq”. K.Kallas Aİ vətəndaşlarının təhlükəsizliyinə xüsusi diqqət çəkərək, onların müdafiəsinin Avropa İttifaqı üçün əsas məsələ olduğunu vurğulayıb.
Böyük Britaniyada isə müxalifət partiyaları Baş nazir Kir Starmeri ABŞ-ın Venesuelada hərbi əməliyyatlarını pisləməyə çağırıblar. BBC kanalındakı “Sunday with Laura Kuenssberg” verilişində Starmerdən ABŞ-ın suveren dövlətə hücumunu pisləməyi istəyib-istəmədiyi soruşulub. “Mən bütövlükdə bütün əhəmiyyətli faktları toplamaq istəyirəm və hazırda sadəcə tam mənzərəyə sahib deyilik - vəziyyət sürətlə dəyişir”, - deyə o, Böyük Britaniyanın ABŞ-ın hərbi əməliyyatında iştirak etmədiyini təsdiqləyib.
Baş nazir əlavə şərhlər verməzdən əvvəl Donald Tramp və Böyük Britaniyanın digər müttəfiqləri ilə danışmalı olduğunu bildirib. O, “ömür boyu beynəlxalq hüququn müdafiəçisi olduğunu”, lakin “bütün faktlara sahib olduğundan əmin olmaq istədiyinə” görə ABŞ-ın hücumunu pisləməkdən imtina etdiyini vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makron isə verdiyi açıqlamada Venesuela xalqının “Nikolas Maduronun diktaturasından azad olunmasını” alqışlayıb. ABŞ-ın “X” sosial platformasında paylaşdığı mesajda Makron bildirib ki, hakimiyyəti mənimsəməklə və əsas azadlıqları tapdalamaqla Nikolas Maduro öz xalqının ləyaqətinə ciddi zərbə vurub. Fransanın dövlət başçısı Venesuelada “dinc, demokratik və xalqın iradəsinə hörmət edən” siyasi keçidə çağırıb. O, 2024-cü ildə prezident seçilmiş Edmundo Qonsales Urrutianın bu mühüm mərhələni tezliklə həyata keçirə biləcəyinə ümid etdiyini vurğulayıb.
Bu bəyanat Fransa siyasi səhnəsində ABŞ-ın Venesuelaya endirdiyi zərbələri pisləyən fikirlərin artdığı bir vaxta təsadüf edir. Marin Lö Pen Venesuelanın suverenliyinin pozulmasını qınayaraq, xarici hərbi müdaxilələrin qəbuledilməz olduğunu bildirib. Jan-Lük Melenşon da ABŞ-ın hərbi əməliyyatlarına qarşı çıxıb. Sol partiyaların, o cümlədən “Əyilməz Fransa” (La France insoumise-LFİ) və Kommunist Partiyasının çağırışı ilə Parisdə Respublika meydanında etiraz tədbiri keçirilib. Emmanuel Makron regional tərəfdaşlarla məsləhətləşmələrin davam etdiyini və Fransanın Venesueladakı vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün vəziyyəti yaxından izlədiyini bildirib.
Delsi Rodriges Vaşinqtona birgə gündəm üzərində işləməyi təklif edib
Bütün bunların fonunda ABŞ-la balanslı və qarşılıqlı hörmət əsasında münasibətlərə nail olmağı prioritet adlandıran Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges Vaşinqtona birgə gündəm üzərində işləməyi təklif edib. Delsi Rodriges bu barədə özünün sosial media hesabında yazıb. Onun sözlərinə görə, Karakas ABŞ və region ölkələri ilə suveren bərabərliyə, balanslı və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlərin inkişafında maraqlıdır.
Prezident səlahiyyətlərinin icraçısı, həmçinin ABŞ-la ortaq inkişafa yönələn əməkdaşlıq gündəliyi üzərində birgə işləməyi təklif edib. Onun sözlərinə görə, Venesuela “sülhə və dinc birgəyaşayışa” sadiqdir və “xarici təhdidlər olmadan” fəaliyyət göstərmək istəyir.
Donald Tramp isə bəyan edib ki, ABŞ Venesuelada vəziyyətə nəzarət edir. Tramp hazırda orada hakimiyyətdə olan insanlarla təmasda olduqlarını bildirib. ABŞ lideri hələ də prezident səlahiyyətlərini idarə edən Delsi Rodrigeslə şəxsən danışmadığını, lakin başqalarının onunla artıq əlaqə yaratdığını vurğulayıb. O, Rodrigesin ABŞ-la əməkdaşlıq etdiyini qeyd edib: “Venesuela hazırda ölü bir ölkədir. Biz onu geri qaytarmalıyıq və infrastrukturu işlək vəziyyətə gətirmək üçün neft şirkətlərinin böyük investisiyalarına ehtiyacımız olacaq”.
Bu arada ABŞ administrasiyası neft şirkətlərini xəbərdar edib ki, onlar yalnız bu ölkənin neft sənayesinə əhəmiyyətli investisiyalar qoyduqları təqdirdə Venesuela sayəsində kompensasiya alacaqlar. Bu barədə “Politico” məlumat yayıb. Qəzet qeyd edir ki, Amerika neft şirkətləri uzun müddətdir Venesueladakı aktivlərini geri almaq istəyirlər və indi ABŞ Prezidenti Donald Tramp administrasiyası bir şərtlə onlara buna nail olmaqda kömək təklif edir. Son həftələrdə administrasiya rəsmiləri neft şirkətlərinin rəhbərlərinə bildiriblər ki, əgər Venesuela hakimiyyəti tərəfindən ələ keçirilən qazma qurğuları, boru kəmərləri və digər əmlakları üçün kompensasiya almaq istəyirlərsə, Bolivar Respublikasına qayıtmağa və ölkənin neft sənayesinin bərpasına əhəmiyyətli investisiyalar qoymağa hazır olmalıdırlar.
“Politico” vurğulayır ki, şirkətin nümayəndələri Venesuelada neft yataqlarının bərpasının aparılmasında çətinliklərdən ehtiyat edirlər, üstəlik, ölkəyə yaxın gələcəkdə kimin rəhbərlik edəcəyi bəlli deyil. Nəşrin qeyd etdiyi kimi, onları, ilk növbədə, administrasiya əməkdaşlarının avadanlıqların təhlükəsizliyinə zəmanət verə bilib-bilməyəcəyi, ödənişlərin necə həyata keçiriləcəyi, eləcə də qiymətlərin kifayət qədər artıb-artmayacağı narahat edir.
Nardar BAYRAMLI