Baku TV-də “İdmanda nə baş verir?” podkastının yeni buraxılışı efirə gedib. Verilişin qonağı ağır atletika üzrə dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu və MDB ölkələri Oyunlarının qalibi Dadaş Dadaşbəyli olub.
İdman.Biz xəbər verir ki, peşəkar yola erkən yaşda qədəm qoyan idmançı ağır atletika ilə məşğul olmağa necə başladığını xatırlayarkən bu seçimin əsasən şəraitlə bağlı olduğunu bildirib.
“Mən ağır atletika ilə uşaq yaşlarımdan, 6 yaşım olanda məşğul olmağa başladım. Əslində, bu idmana başlamaq üçün çox erkən yaşdır. Sadəcə o vaxt Qobustanda ağır atletikadan başqa idman növləri üçün şərait yox idi. Uşaqlıqdan yaxşı fiziki göstəricilərim var idi. Məşqçi dedi ki, məndən idmançı olar. Hələ də maraqlıdır ki, belə yaşda bu idman növünə marağım niyə yarandı”, - deyə ağır atlet söyləyib.
Dadaş Dadaşbəyli Azərbaycanın idman səfiri kimi 2025-ci ili yüksək qiymətləndirib. Onun sözlərinə görə, ötən il nəticələr baxımından xüsusilə yadda qalıb.
“Digər illərlə müqayisədə 2025-ci ildə bizdə möhtəşəm nəticələr oldu. Medalların sayı əvvəlki illərdən çox idi, qızıl mükafatların sayı artdı. Ümid edirəm ki, bu il daha böyük uğurlar əldə edəcəyik”, - deyə o əlavə edib.