AZ

Almaniyada iqtisadi vəziyyətin kritik həddə çatdığı bildirilib

Almaniyada iqtisadi vəziyyətin kritik həddə çatdığı bildirilib.

Editor.az xəbər verir ki, Der Spiegel jurnalının Almaniya kansleri Fridrix Mertsin hökumət tərəfdaşlarına ünvanladığı məktuba istinadən yaydığı məlumata görə, ölkə iqtisadiyyatı ciddi problemlərlə üz-üzədir.

Nəşrin əldə etdiyi məktubda gələn il üçün əsas prioritetlər və hədəflər əks olunub. Kansler məktubda miqrasiya siyasətində əldə olunan uğurlara toxunmaqla yanaşı, Almaniya iqtisadiyyatının çətin vəziyyətdə olduğunu da vurğulayıb.

Der Spiegelin məlumatına görə, Fridrix Merts Almaniya iqtisadiyyatının vəziyyətinin hələ də kritik olaraq qaldığını qeyd edib. Onun fikrincə, ölkədə məhsuldarlıq çox aşağıdır, bürokratik maneələr və vergi yükü isə həddindən artıq yüksəkdir.

Bu səbəbdən kansler 2026-cı ildə Almaniyanın iqtisadi inkişafı üçün əlverişli şəraitin yaradılmasını, iqtisadi artımın və məşğulluğun təmin olunmasını əsas məqsəd kimi müəyyənləşdirib.

Qeyd edək ki, dekabrın 28-də Alman İşəgötürənlər Birliyinin (BDA) prezidenti Rayner Dülger Almaniyanın yarandığı gündən bəri ən uzunmüddətli iqtisadi böhranı yaşadığını bəyan edib. O, böhrandan çıxış üçün qətiyyətli və sürətli addımların atılmasının vacibliyini bildirib.

Dülger ölkədə bürokratik əngəllərin azaldılmasına çağıraraq bunun vətəndaşlara inkişaf üçün daha çox azadlıq verəcəyini qeyd edib. Onun sözlərinə görə, xarici siyasətdə mövcud olan böhranlar daxili islahatların daha da təxirəsalınmaz olduğunu göstərir. O, kansler Fridrix Mertsə müraciətində iqtisadi artım olmadan effektiv xarici siyasətin mümkün olmadığını vurğulayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
59
editor.az

1Mənbələr