AZ

Prezident Bakının gələcək nəqliyyat konsepsiyasından danışdı

Prezident
“Biz Bakıda bir çox önəmli nəqliyyat layihələrini icra etdik və bu, müəyyən mərhələdə şəhəri tıxaclardan sığortalamağa imkan verdi”. 1news.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, əhalinin və avtomobillərin sayının artması mövcud yol infrastrukturunun artıq kifayət etmədiyini göstərir: “Hər il ölkəmizə on minlərlə yeni avtomobil gətirilir, yerli avtomobil istehsalı artır. Ona görə də mövcud yol infrastrukturu artıq bizə kifayət etmir”. Prezident vurğulayıb ki, Bakının tarixi memarlıq ansamblını dəyişmək mümkün deyil və çıxış yolu yol-nəqliyyat sisteminin idarə edilməsi ilə ictimai nəqliyyata üstünlük verilməsidir: “Mikromobillik və ictimai nəqliyyatın inkişafı əsas çıxış yollarından biridir. Bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir”. İlham Əliyev qeyd edib ki, Bakının yeni yol infrastrukturunun xəritəsi artıq təsdiqlənib, 10 yeni metro stansiyasının yeri müəyyən olunub və əlavə iki depo tikiləcək: “Mövcud metro stansiyalarında optimallaşma layihələri icra edilir. Son 20 il ərzində yeddi metro stansiyası tikilib. Əgər onlar olmasaydı, bu gün vəziyyət tam fərqli olardı”. Dövlət başçısı piyadalar üçün məkanların genişləndirilməsi və bəzi küçələrin yalnız piyadalar üçün nəzərdə tutulmasının davam etdiyini də bildirib: “Yaxın aylarda ictimaiyyət bunu görəcək. Yeni parklar və ictimai zonalar yaradıldıqda, onların nəqliyyat infrastrukturu da paralel şəkildə həll olunur”. “Sovetski” adlandırılan ərazidə köçürülmə prosesinin davam etdiyini deyən Prezident əlavə edib ki, burada parklar, süni göllər və nəqliyyat infrastrukturu yaradılacaq, o cümlədən metro stansiyaları inşa olunacaq. Velosiped zolaqlarına da toxunan İlham Əliyev bildirib: “Bəziləri bundan narazıdır, amma inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu, həm sağlamlıq, həm də tıxaclara qarşı effektiv vasitədir”. Prezidentin sözlərinə görə, ictimai nəqliyyatın keyfiyyəti yüksəldikcə ondan istifadə ən optimal variant olacaq: “Hər il Bakıya yüzlərlə yeni avtobus gətirilir, o cümlədən havanı çirkləndirməyən elektrobuslar. Dövlət və özəl sektor bu prosesi davam etdirəcək”. Dövlət başçısı dəmir yollarının rolunu da xüsusi qeyd edib: “Bakı–Sumqayıt dəmir yolu bu gün fəal işləyir. Əgər bu yol olmasaydı, vəziyyət tamamilə fərqli olardı. Eyni zamanda, şəhərdə 50-yə yaxın körpü və yol ötürücüləri tikilib, vaxtilə mövcud olan dairələr aradan qaldırılıb”.

İlham Əliyev vurğulayıb ki, məsələ ciddi nəzarət altındadır: “Proqram qəbul edilib, vəsait səfərbər olunub və hesab edirəm ki, növbəti beş il ərzində Bakının əsas nəqliyyat problemləri öz həllini tapacaq”.

Seçilən
68
1news.az

1Mənbələr