Bərdə rayonunun mədəni həyatında silinməz iz qoyan fədakar mədəniyyət işçisi
Mədəniyyət bir xalqın yaddaşı, ruhu və gələcəyə ötürdüyü ən dəyərli mirasdır. Bu mirası yaşadan, qoruyan və inkişaf etdirən insanlar isə cəmiyyətin mənəvi dayaqlarıdır. Bərdə rayonunun mədəni həyatında belə simalardan biri də uzun illərdir bu sahədə səmərəli fəaliyyəti ilə seçilən, Bərdə Rayon Mədəniyyət Mərkəzinin direktoru GülbəsMəmmədovadır.
Peşəkar təməl, zəngin təcrübə
GülbəsMəmmədova 1986-cı ildə görkəmli aktyor Mirzağa Əliyevin adını daşıyan Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmişdir.Gülbəs Məmmədova tələbəlik illərində Əli Zeynalov, Mikayıl Mirzə, Rasim Balayev, Həsən Məmmədov kimi korifey aktyorlarla, həmçinin unudulmaz sənətkar Şövkət Ələkbərova ilə yaxından ünsiyyətdə olmuş, onlarla birgə müxtəlif tədbirlərdə iştirak etmişdir. Bu ünsiyyət onun incəsənətin incəliklərinə daha dərindən yiyələnməsinə böyük töhfə vermişdir. Bu gün həmin sənətkarlarla çəkilmiş fotolara baxarkən o illər xoş duyğularla xatırlanır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali təhsil ocağında qazandığı bilik və bacarıqlar onun sonrakı peşə yolunun möhkəm təməlini təşkil etmişdir.
Elə həmin ildən Bərdə rayon Mədəniyyət şöbəsində avtoklub müdiri kimi əmək fəaliyyətinə başlayan GülbəsMəmmədova mədəniyyətin ən çətin, lakin ən canlı mərhələlərindən keçmişdir. Kəndlərdə, kolxoz və sovxozlarda, tarla düşərgələrində keçirilən mədəni-kütləvi tədbirlər onun üçün təkcə iş deyil, insanlara sevinc bəxş edən bir missiya idi. Musiqi, söz və sənət vasitəsilə zəhmətkeşlərin asudə vaxtının mənalı təşkili onun peşəkar dünyagörüşünü formalaşdırmışdır.
Mədəniyyət evindən Mədəniyyət Mərkəzinə
1997-ci il iyunun 16-da ona göstərilən etimad nəticəsində Bərdə rayon Mədəniyyət evinin direktoru vəzifəsinə təyin olunan GülbəsMəmmədova bu mədəniyyət ocağını rayonun ictimai-mədəni həyatının aparıcı mərkəzinə çevirmişdir. Onun rəhbərliyi ilə burada milli bayramlara, tarixi günlərə, yubiley və anım mərasimlərinə həsr olunan saysız-hesabsız tədbirlər keçirilmiş, geniş tamaşaçı auditoriyası formalaşmışdır.
2016-cı ildə aparılan struktur dəyişikliklərindən sonra yaradılan Bərdə Rayon Mədəniyyət Mərkəzinin ilk direktoru da məhz GülbəsMəmmədova olmuşdur. Bu mərhələdən etibarən mədəniyyət müəssisələrinin fəaliyyəti müasir tələblərə uyğun şəkildə sistemləşdirilmiş, yeni yaradıcılıq kollektivləri formalaşdırılmışdır.
Xalq Teatrı və canlı səhnə həyatı
GülbəsMəmmədovanın iştirakı və təşkilatçılığı ilə Bərdə Xalq Teatrı yaradılmışdır.
Zəngin repertuara malik teatr kollektivi xüsusilə vətənpərvərlik mövzusunda hazırladığı tamaşalarla diqqət çəkir. Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan səhnə əsərləri tamaşaçıların dərin rəğbətini qazanmış, mədəniyyətin tərbiyəvi gücünü bir daha nümayiş etdirmişdir.
Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qarabağ” xalq çalğı alətləri ansamblı da rayon tədbirlərinin bəzəyinə çevrilmişdir. Onu da qeyd edək ki, “ Qarabağ “ xalq çalğı alətləri ansamblı 1981-ci ildən Xalq adını daşıyır. Ötən illərə nəzər salsaq görərik ki, bu ansamblın necə böyük sənətkarları, məşhur xanəndələri, əsl sənət fəadailəri olan musiqiçiləri olub. Seyid Şuşinskinin tələbəsi Maarif Məmmədov, Kamran Məmmədov, Mehralı Əhmədov, Sərdar Əvəzoğlu, Firdovsi Məmmədov, Ərəstun Əliyev, Reyhan Rəcəbova, Natəvan İbrahimli, Vidadi Bərdəli və başqalarını göstərmək olar.
Ansambl milli bayramlarda, tarixi günlərdə, hərbi hissələrdə çıxış edərək əsgər və zabitlərin mənəvi ruhunun yüksəldilməsinə töhfə verir.
İctimai fəallıq və nümunəvi rəhbərlik
GülbəsMəmmədova Bərdə Rayon İcra Hakimiyyəti yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə komissiyanınüzvü, Yeni Azərbaycan Partiyasının fəalıdır. O, Azərbaycan Qadınlarının II, III və IV qurultaylarında nümayəndə kimi iştirak etmiş, ictimai fəaliyyəti ilə də seçilmişdir.
Uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətinə görə GülbəsMəmmədova bir sıra tərifnamə və fəxri fərmanlarla təltif olunmuşdur. Onun sadəliyi, məsuliyyətli yanaşması və kollektivlə səmimi münasibətləri çalışdığı mühitdə ona böyük hörmət qazandırmışdır.
Mədəniyyətə sədaqət nümunəsi
Bu gün GülbəsMəmmədova mədəniyyətə həsr etdiyi ömür yolunu eyni sevgi və inamla davam etdirir. O, azad və müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur və milli mədəniyyətimizin, incəsənətimizin inkişafı naminə bundan sonra da var gücü ilə çalışacağını bildirir.
Musa Muradlı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta