Bakı Apellyasiya Məhkəməsində oğurluq və oğurluğa cəhddə təqsirləndirilən Fazil Abuzərov və onun tanışı Ənvər Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Fazil Abuzərov və onun tanışı Ənvər Əliyev qabaqcadan əlbir olaraq bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayıb, zərərçəkmiş Sədaqət adlı şəxsə külli miqdarda maddi ziyan vurmaqda ittiham olunurlar.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər 2024-cü ilin noyabr ayından 2025-ci ilin mart ayının ilk ongünlüyünədək olan dövrdə zərərçəkmiş şəxsə məxsus paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə giriş qapısının açarından sui-istifadə edərək evlərin qapı kilidlərini sındırıb, ev sahibinin xəbəri və razılığı olmadan dəfələrlə yaşayış və saxlanc sahələrinə daxil olublar. Onlar həmin evdən məişət texnikası, mebel, kondisionerlər, elektrik və santexnik avadanlıqlar, bəzək əşyaları, antikvarlar, məişət ləvazimatları və digər qiymətli əşyaları oğurlayaraq götürərək müxtəlif şəxslərə bazar dəyərindən aşağı qiymətə satıb, əldə etdikləri pulları aralarında bölüşdürüb.
Bu epizod üzrə zərərçəkmiş şəxsə ümumilikdə 292 533,55 manat məbləğində külli miqdarda maddi ziyan vurulduğu müəyyən edilib.
Bundan əlavə, Fazil Abuzərov və Ənvər Əliyevin həmin evindən elektrik və su sistemləri, mətbəx və yataq otağı mebelləri, döşəmə materialları və digər əmlakı oğurlamaq məqsədilə sökərək satış üçün hazırladıqları, lakin ev sahibinin oğurluqdan xəbər tutması səbəbindən əməllərini sona çatdıra bilmədikləri məlum olub. Həmin əməllər nəticəsində 218 800 manat məbləğində ziyan vurulmasına yönəlmiş oğurluğa cəhd edildiyi istintaqla müəyyənləşdirilib.
Beləliklə, təqsirləndirilən şəxslərin faktiki olaraq vurduğu maddi ziyan 292 533,55 manat, oğurluğa cəhd üzrə isə 218 800 manat təşkil edib. Ümumi məbləğdə müəyyən edilmiş ziyan və ziyana yönəlmiş məbləğ birlikdə 511 333,55 manat olub.
Onlar oğurladıqları həmin əşyaları “lalafo.az” və “tap.az” internet saytlarında elan yerləşdirərək satıblar.
Fazil Abuzərov və Ənvər Əliyevin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) və 29, 177.3.2-ci (külli miqdarda oğurluğa cəhd) maddələri ilə tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Birinci instansiya məhkəməsinin hökmündən Ənvər Əliyevin müdafiəçisi apellyasiya şikayəti verərək bəraət hökmü çıxarılmasını, Fazil Abuzərovun müdafiəçisi isə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini xahiş edib.
Qeyd: Fazil Abuzərov qeyd edilən evdə bağban işləyib, Ənvər Əliyev isə usta kimi fəaliyyət göstərir.
Kamal Məmmədov