Cənab Prezidentin müsahibəsindən aldığım dərs- TƏLƏBƏ SÖZÜ
Dünən cənab Prezidentin müsahibəsinə baxandan sonra daxilimdə qəribə bir hiss yarandı – sanki kimsə gəlib çiynimə əlini qoydu və dedi ki, "bax, bura sənindir, gələcəyini necə istəyirsən, elə də qur". Biz gənclər çox vaxt siyasəti rəsmi, bizdən uzaq bir şey kimi görürük. Amma bu müsahibə mənə göstərdi ki, əslində dövlətin atdığı hər bir addım bizim sabah universitetdən sonra hara gedəcəyimizə, harada işləyəcəyimizə hesablanıb.
Ölkə rəhbərinin torpaq haqqında dediyi o sözlər hələ də qulağımdadır: "Artıq o yaralı torpaq anlayışı yoxdur". Bilirsiniz, bu, bizim nəsil üçün nə deməkdir? Bizim uşaqlığımız Qarabağ dərdi ilə keçib. İndi isə o torpaqlar artıq ağrı-acı yeri yox, bizim üçün bir iş yeridir, quruculuq meydanıdır. Bu o deməkdir ki, sabah biz müəllim, iqtisadçı, mühəndis və ya proqramçı olanda artıq Gəncədə sıxılıb qalmayacağıq. Bizim önümüzdə Ağdam, Şuşa, Kəlbəcər kimi nəhəng imkanlar var. Orada hər şeyi sıfırdan, dünyanın ən müasir texnologiyası ilə qurmaq şansı bizim əlimizdədir.
Müsahibədə süni intellekt və IT mərkəzi haqqında deyilən hədəflər isə lap yerinə düşdü. Açığı, biz həmişə elə bilirdik ki, neft bitəndə hər şey bitəcək. Amma Prezidentin yanaşması tam fərqlidir. Deyir ki, bizim gələcəyimiz neft-qaz yox, zəka və elmdir. Azərbaycanda regional IT qovşağının yaradılması birbaşa bizim – kompüter qarşısında gecə-gündüz oxuyan gənclərin yolunu açmaqdır. Dünyanın ən böyük data mərkəzlərinin burada qurulması hədəfi o deməkdir ki, biz xaricə iş dalınca qaçan yox, xaricdən gələn böyük şirkətləri burada idarə edən mütəxəssis olacağıq.
Amma bir məqam var ki, gərək hamımız ona ciddi yanaşaq. Cənab Prezident dilimizin saflığı haqqında danışanda özüm də daxil, hamımızı düşündüm. Bəzən elə bilirik ki, iki-üç xarici söz qatıb danışmaq müasirlikdir. Amma əslində bu, milli kimliyi damla-damla itirməkdir. Müsahibədən çıxardığım ən böyük dərs bu oldu: nə qədər savadlı olursan ol, nə qədər müasir texnologiyanı bilirsən bil, əgər öz dilində təmiz danışmırsansa, öz kökünə bağlı deyilsənsə, sən heç vaxt o böyük hədəflərə çata bilməzsən.
Məni bir də o qorxusuzluq ruhlandırdı. Prezidentin böyük dövlətlərə, o ədalətsiz qərarlara qarşı "bir daha lazım olarıq, onda bizim qapımızı döyməyin" deməsi bizə bir özünəinam verir. Görürsən ki, arxanda elə bir dövlət dayanıb ki, heç kimin qarşısında əyilmir, öz marağını qoruyur. Belə bir ölkənin vətəndaşı olmaq adamın daxilindəki o qorxuları silib atır.
Sözün qısası, bu müsahibədən sonra anladım ki, artıq oxumamaq, öz üzərində işləməmək üçün heç bir bəhanəmiz qalmayıb. Dövlət ən çətin hissəni — o torpaqların azadlığını, iqtisadi müstəqilliyi və siyasi gücü həll edib. İndi, necə deyərlər, top bizim meydançadadır. Biz sadəcə savadlanmalı, öz dilimizi, milli kimliyimizi qorumalı və bu güclü dövlətin enerjisinə öz enerjimizi qatmalıyıq. Sabahın sahibləri bizik və o sabah artıq qapıdadır!
Kəmalə Zaminqızı,
Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin
II kurs tələbəsi