AZ

Prezident İlham Əliyevin baxışında insan kapitalının gələcəyi » AzadMedia.az

Prezident
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bir daha göstərdi ki, dövlətin uzunmüddətli inkişaf strategiyasında elm və təhsil prioritet sahə olaraq qalır. Prezidentin fikirləri yalnız görülən işlərin hesabatı deyil, həm də mövcud problemlərin açıq etirafı və gələcəyə yönəlmiş aydın yol xəritəsidir.
Dövlət başçısının vurğuladığı əsas məqamlardan biri elm sahəsinin uzun illər faktiki olaraq dövlət siyasətindən kənarda qalması ilə bağlıdır. Məhz bu reallıq Elm və Təhsil Nazirliyinin yaradılmasını zəruri edib. Prezidentin də qeyd etdiyi kimi, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elm təhsildən ayrı mövcud ola bilməz. Dünyada elmi nailiyyətlərin böyük əksəriyyəti ali məktəblərin bazasında, yaxud onların nəzdində formalaşır. Azərbaycan da bu modeli seçməklə, qlobal elmi inteqrasiya yoluna çıxır.
Bu prosesin ən ağrılı, lakin qaçılmaz tərəfi struktur və kadr islahatlarıdır. Elmi-tədqiqat institutlarının birləşdirilməsi, müasir yanaşmaların tətbiqi, gənc və dinamik kadrların önə çəkilməsi artıq gerçəklikdir. Prezident İlham Əliyevin açıq şəkildə bildirdiyi kimi, məqsəd sadəcə elmi işçiləri işlə təmin etmək deyil, real elmi nəticə əldə etməkdir. Bu isə yalnız beynəlxalq elmi jurnallarda dərc olunan tədqiqatlar, qlobal çağırışlara cavab verən elmi potensial vasitəsilə mümkündür.
Əslində, bu yanaşma elm sahəsində uzun illər mövcud olmuş formalizmin aradan qaldırılmasına yönəlib. Elm yalnız kabinetlərdə deyil, real iqtisadiyyatla, texnologiya ilə, innovasiya ilə bağlı olmalıdır. Prezidentin “inkişaf etmiş ölkələr neftlə yox, zəka ilə inkişaf edib” fikri bu baxımdan olduqca prinsipial mesajdır. Təbii sərvətlər müvəqqətidir, lakin bilik və intellekt davamlıdır.
Təhsil sahəsində son 20 ildə atılan addımlar da bu strategiyanın tərkib hissəsidir. Azərbaycanda yeni ali təhsil müəssisələrinin yaradılması, xarici tərəfdaşlarla birgə universitetlərin fəaliyyətə başlaması, o cümlədən Qarabağ Universitetinin təsis edilməsi dövlətin bu sahəyə strateji baxışının göstəricisidir. Müəllimlərin sosial təminatının gücləndirilməsi, təhsildə keyfiyyət meyarlarının artırılması, qiymətləndirmə sistemlərinin təkmilləşdirilməsi bir məqsədə xidmət edir: savadlı, bilikli və rəqabətədavamlı cəmiyyət formalaşdırmaq.
Prezident İlham Əliyev xüsusilə gənclər məsələsinə toxunaraq qeyd edib ki, Azərbaycan istedadlı gənclər ölkəsidir. Xaricdə təhsil alıb Vətənə qayıdan mütəxəssislərin dövlət və özəl sektorda özünü doğrultması islahatların düzgün istiqamətdə getdiyini sübut edir. “Yüksəliş” kimi proqramlar isə gənclərin potensialını üzə çıxarmaqla yanaşı, meritokratiya prinsiplərinin möhkəmlənməsinə xidmət edir.
Bu müsahibədə diqqət çəkən əsas məqamlardan biri də cəmiyyətin ümumi intellektual səviyyəsinin ön plana çəkilməsidir. Prezidentin fikrincə, ayrı-ayrı istedadlı şəxslərin yetişməsi üçün mühit vacibdir. O mühit isə yalnız yüksək bilik səviyyəsinə malik cəmiyyətdə formalaşa bilər. Güclü elm, keyfiyyətli təhsil və düzgün kadr siyasəti olmayan yerdə davamlı inkişafdan danışmaq mümkün deyil.
Nəticə etibarilə, Prezident İlham Əliyevin bu çıxışı bir daha göstərir ki, Azərbaycan bugünü deyil, onillikləri və yüzillikləri düşünən inkişaf modelini seçib. Neft və qazdan sonrakı dövrə hazırlıq məhz bu gün atılan elm və təhsil islahatlarından başlayır. Qarşıda problemlər var, amma dövlət başçısının da vurğuladığı kimi, istiqamət düzgündür və islahatlar davam edəcək.
Bu yol çətin olsa da, alternativi yoxdur. Çünki müasir dünyada güc silahda və sərvətdə deyil, bilikdə, elmdə və insan kapitalındadır.

Elnurə Abuşova

Seçilən
52
1
azadmedia.az

2Mənbələr