Fevral ayında bakalavr pilləsi üzrə magistratura proqramlarına I qəbul imtahanı keçiriləcək. Ötən il keçirilmiş magistratura imtahanının nəticələrinə nəzər saldıqda bəzi hallarda gənclərin nisbətən aşağı bal toplamasına baxmayaraq ali məktəblərə qəbul olunması müşahidə edilib.
Bu vəziyyət tələbələr arasında maraq doğurur: gələcək illərdə qəbul prosesi daha da asanlaşa bilərmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, bir neçə ildir ki, ali təhsil müəssisələrinin magistraturasına qəbul zamanı bir sıra yeniliklər tətbiq olunur:
“Artıq ixtisas fənləri ləğv edilib. Hazırda yalnız məntiq, informatika və xarici dil üzrə bakalavrların bilik və bacarıqları qiymətləndirilir və qəbul bu nəticələr əsasında həyata keçirilir.
2024-cü ildən etibarən əlavə olaraq xarici dil üzrə “essay” (yazı nümunəsi) təqdim olunması tələb olunacaq. Bu da imtahan iştirakçılarına müəyyən təsir göstərir. Yeni tələblərin tətbiqi nəticələrin bir qədər aşağı düşməsinə səbəb olub.
2023-2024-cü tədris ilindən başlayaraq qəbul imtahanları ildə iki dəfə - fevral və may aylarında keçirilir. Bu bakalavrlara ikinci şans verir: birinci imtahanda uğur qazanmayanlar nəticələrini ikinci imtahanda yaxşılaşdıra bilər. Eyni zamanda birinci imtahanda yüksək nəticə göstərənlər ikinci mərhələdə zəif nəticə əldə edə bilər.
İlkin analizlər göstərir ki, son iki ildə nəticələrdə az da olsa artım müşahidə olunur. Çünki ciddi dəyişikliklər olmadığı üçün ballarda kəskin fərq yaranmayıb. Eyni zamanda magistraturaya marağın ildən-ilə artdığı görünür. Artıq müraciət edən bakalavrların sayı 25 minə çatıb, plan yerlərinin sayı isə təxminən 15-16 min civarındadır.
Müşahidə edilən tendensiyalardan biri də bəzi iştirakçıların magistraturanı yalnız müəyyən məqsədlər üçün - məsələn, hərbi xidmətdən möhlət almaq üçün “trampolin” kimi istifadə etmələridir. Bu da real şəkildə hazırlaşan tələbələrin sayına və nəticələrə təsir göstərir.
Nəticə etibarilə, 2026-cı ildə kəsilmə ballarında ciddi enmə gözlənilmir. Qəbul prosesində də əlavə asanlaşmalar proqnozlaşdırılmır. Ola bilsin ki, xarici dil bloku üzrə bəzi əlavə tələblər müəyyənləşdirilsin; bu baş verərsə nəticələrə müəyyən təsiri olacaq. Lakin hazırda qəbul prosesinin daha da sadələşməsi və ya kütləvi bal azalması ehtimalı real görünmür”.