Tanklar cəbhə xəttini yarma əməliyyatlarında əsas zərbə qüvvəsi kimi döyüş meydanındakı rolunu qoruyacaq.
“Poliqon” xəbər verir ki, bunu Rusiyanın “Rostex” Dövlət Korporasiyası açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyat zonalarında tankların tankların tətbiqi üzrə yeni bir taktika elan edib. Yeni yanaşmaya əsasən, bir tank düşmənə uzaq mövqelərdən atəş açır, digəri isə tez bir zamanda cəbhə xəttinə doğru manevr edir. Tankların hərəkətləri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə koordinasiya olunur.
“Rostex” tərəfindən bildirilib ki, tanklar, bu gün yayılmış fikirlərin əksinə olaraq, döyüş meydanında cəbhə xəttini yarma əməliyyatlarında əsas zərbə gücü rolunu itirməyib. Xüsusi hərbi əməliyyat zonasında baş vermiş çoxsaylı döyüş epizodları bunu təsdiqləyir. Eyni zamanda, tanklar müdafiə (zireh və qorunma) baxımından ciddi dəyişikliklərə məruz qalıb, onların tətbiq taktikası da yenilənib. Buna baxmayaraq, tank hələ də döyüş meydanının ən dayanıqlı döyüş maşınlarından biri olaraq qalır və FPV dronları daxil olmaqla müxtəlif zərbə vasitələrinin təsiri altında belə düşmənə birbaşa effektiv atəş açmaq qabiliyyətini saxlayır.
“Rostex” mütəxəssislərinin qeyd etdiyinə görə, perspektiv (gələcək nəsil) tanklar klassik tanklara xas əsas xüsusiyyətləri qoruyacaq: tırtıllı şassi; gücləndirilmiş zireh müdafiəsi; fırlanan qüllədə yerləşən orta və ya iri çaplı top. Eyni zamanda, yeni tankların dizaynında müasir tələblər də nəzərə alınacaq. Bunların arasında qorunma səviyyəsi, atəş gücü və xüsusilə situasiya məlumatlılığı mühüm yer tutur.
Mütəxəssislər hesab edir ki, gələcək zirehli “yumruqlar” üçün ayrı-ayrı maşınların texniki göstəricilərindən daha çox, onların digər sistem və qüvvələrlə inteqrasiya səviyyəsi həlledici olacaq. Bu inteqrasiya aşağıdakı elementləri əhatə edəcək:
Avtomatlaşdırılmış idarəetmə sistemləri;
Müxtəlif sinif PUA-lar/dronlar;
Yerüstü döyüş robotları;
Artilleriya bölmələri;
Radioelektron mübarizə sistemləri;
Hava hücumundan müdafiə və zenit sistemlər;
Mühəndis bölmələri;
Tank əleyhinə vasitələr.
Bu cür vahid sistem, tanklara qarşı yönəlmiş təhlükələrin böyük hissəsini əməliyyatın aktiv mərhələsi başlamadan zərərsizləşdirməyə imkan verəcək və tankların cəbhə xətlərini yüksək ehtimalla ələ keçirməsini təmin edəcək.
Hazırda “Rostex” bir neçə müasir tank istehsal edir ki, onların da mühafizəsi və bort sistemləri döyüş təcrübəsi əsasında tez bir zamanda təkmilləşdirilib. Bu tanklar gələcək perspektivli zirehli texnikaya keçid mərhələsi kimi qiymətləndirilə bilər. Bunlara T-90M “Prorıv” əsas döyüş tankı, eləcə də dərin modernizasiya olunmuş T-80BVM və T-72B3M daxildir.