“Dövlət başçısının son çıxışından çıxış edərək demək olar ki, müasir Azərbaycan siyasətinin əsas xəttini praqmatik yanaşma təşkil edir. Bu yanaşma ideoloji romantizmdən və emosional qərarlardan uzaq, real güc balanslarını, regional və qlobal prosesləri nəzərə alan rasional siyasət modelinə söykənir. Azərbaycanın son illərdə atdığı addımlar göstərir ki, xarici və daxili siyasətdə əsas məqsəd milli maraqların maksimum səviyyədə qorunması və uzunmüddətli sabitliyin təmin edilməsidir”.
Bunu Hafta.az-a siyasi şərhçi Azər Hüseynov Azərbaycan Prezidentinin yerli televiziyalara verdiyi müsahibənin əhəmiyyətini şərh edərkən deyib.
A.Hüseynov bildirib ki, mövcud kontekstdə nəqliyyat və enerji daşıyıcılarının daşınması və ixracı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan artıq təkcə enerji istehsalçısı deyil, eyni zamanda regionlararası enerji və logistika qovşağına çevrilməkdədir:
“Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Qars kimi layihələr ölkənin geoiqtisadi çəkisini artırmaqla yanaşı, onu Avropa və Asiya arasında etibarlı tərəfdaş mövqeyinə yüksəldib. Bu layihələr yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də siyasi təsir alətləridir. Enerji təhlükəsizliyi məsələsinin qlobal gündəmin ön sıralarında yer aldığı bir dövrdə Azərbaycanın rolu daha da strateji xarakter alır”.
Ekspert müsahibədə eyni zamanda milli təhlükəsizlik maraqlarının təmin edilməsinin Azərbaycan siyasətində prioritet məsələ olaraq qaldığının yer aldığın deyib:
“Son illərdə baş verən regional müharibələr, böyük güclər arasında artan rəqabət və beynəlxalq sistemdəki qeyri-sabitlik göstərir ki, uzun müddət sabit kimi görünən dünya nizamı əslində olduqca kövrəkdir. Bu şəraitdə təhlükəsizliyini yalnız beynəlxalq zəmanətlərə bağlamaq mümkün deyil. Azərbaycan öz hərbi, iqtisadi və diplomatik potensialını gücləndirməklə təhlükəsizlik məsələsində özünütəmin edən model formalaşdırmağa çalışır.
Eləcə də Zəngəzur dəhlizinin perspektivləri də məhz bu praqmatik və təhlükəsizlik yönümlü yanaşma çərçivəsində dəyərləndirilir. Bu dəhliz təkcə Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən kommunikasiya xətti deyil, eyni zamanda regionun nəqliyyat xəritəsini dəyişə biləcək strateji layihədir. Zəngəzur dəhlizi Orta Asiyadan başlayaraq Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan yeni ticarət və logistika marşrutlarının formalaşmasına imkan yaradır. Bu isə Azərbaycanın regional tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirir”.
Ekspert bütövlükdə dövlət başçısının çıxışında əksini tapan mühüm mesajlar olduğunu vurğulayıb:
“Əsas mesaj ondan ibarətdir ki, Azərbaycan dəyişkən və risklərlə dolu beynəlxalq mühitdə emosiyalara deyil, hesablanmış addımlara üstünlük verir. Praqmatik siyasət, güclü iqtisadi və nəqliyyat infrastrukturu, eləcə də milli təhlükəsizliyin təmin edilməsi ölkənin gələcək inkişafının əsas sütunları kimi çıxış edir. Məhz bu yanaşma Azərbaycanın regional və qlobal miqyasda etibarlı, proqnozlaşdırıla bilən və təsirli aktor kimi mövqeyini qorumasına və gücləndirməsinə şərait yaradır”.
Tahirə Qafarlı