
Bank kreditləri müştərilərə maliyyə ehtiyaclarını qarşılamaq imkanı yaradır. Lakin bəzi hallarda, kreditin ilkin müddəti ərzində borcun tam ödənilməsi çətinləşə bilər. Bu zaman kredit müqavilələrinin uzadılması bank və müştəri üçün əlverişli həll yoludur. Uzatma prosesi həm ödənişlərin daha rahat idarə edilməsinə, həm də bankın risklərinin azaldılmasına xidmət edir. Kreditin şərtlərinin yenidən tənzimlənməsi sayəsində müştəri borcunu vaxtında ödəyə bilər və maliyyə yükünü yüngülləşdirə bilər. Bəs, bu hansı halda mümkündür?
Mövzu ilə bağlı Missiya.Az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, kredit müqaviləsi üzrə müddətlərin uzadılması yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkündür:
"Eyni zamanda, kredit götürən şəxsin verdiyi ərizə əsasında kreditor – bank və ya bank olmayan kredit təşkilatı – tərəfindən müddət uzadılması həyata keçirilə bilər".
Onun sözlərinə görə, kredit müddətinin uzadılmaması ilə bağlı bankların və ya bank olmayan kredit təşkilatlarının faktiki təzyiq altında saxlanması və ya hər hansı şəkildə təzyiq göstərilməsi yolverilməzdir:
"Qanunvericilikdə bank və ya bank olmayan kredit təşkilatının bu məsələdə yalnız hüququ müəyyən edilmişdir",- deyə Ramil Süleymanov əlavə edib.
Seyranə QuliyevaMissiya.Az