2026-cı ildən Rusiyada əmək miqrantlarına və onları işə işəgötürənlərə tətbiq olunan yeni tələblər və məhdudiyyətlər qüvvəyə minir. Bu dəyişikliklər, xüsusilə postsovet məkanından gələn yüz minlərlə əmək miqrantına, o cümlədən Azərbaycan vətəndaşlarına birbaşa təsir göstərir. Yeni qaydaların əsas məqsədi regional büdcələrin doldurulması, əmək bazarının “yerliləşdirilməsi” və sosial yükün azaldılmasıdır. Amma eyni zamanda miqrant əməyini daha bahalı, daha riskli və qeyri-sabit vəziyyətə gətirir.
Rusiyada patent haqlarının artması dəyişikliklərdən biridir. Moskva üçün patent qiyməti 10 min, Sankt-Peterburq üçün 8 min, Krasnodar regionunda isə 27 min rubldur. Beləliklə, patent haqları regiondan asılı olaraq dəyişir. Yada salaq ki, tələb olunan sənədlər paketinin xərci isə əlavə 30 min rubldur. Bu, patentin miqrant üçün, sadəcə, işləmək icazəsi olmaqdan çıxaraq davamlı maliyyə yükünə çevrilməsi deməkdir. Tikinti, xidmət, ticarət və nəqliyyat sektorlarında çalışan Azərbaycanlı miqrantların gəlirlərinin böyük hissəsi dövlət xərclərinə yönəlir. Nəticədə miqrantlar daha ağır və riskli iş şərtlərini qəbul etməyə, bəziləri isə qeyri-leqal məşğulluğa meyillənməyə məcbur olurlar.
Tibbi xidmətlərə çıxış da məhdudlaşdırılıb. Pulsuz tibbi yardıma çıxış müddəti 3 ildən 5 ilə qaldırılıb, icbari tibbi sığortaya (OMS) sahib olmaq üçün isə miqrantların Rusiyada qanuni işləmə müddəti 5 ildir. Bu, ilk beş il ərzində miqrantların yalnız pullu tibbi xidmətlərdən və ya könüllü sığortadan istifadə etməsi deməkdir. Ağır fiziki əmək, istehsalat riskləri və qeyri-sabit yaşayış şəraiti fonunda tibbi xidmətin əlçatan olmaması miqrantların sağlamlığını uzunmüddətli risk altına qoyur. Azərbaycanlı miqrantların əksəriyyəti ailəsini ölkədə saxladığı üçün öz sağlamlığını ikinci plana keçirir, xəstəlikləri gizlədir və tibbi yardımdan imtina edir. Bu, həm fərdi, həm də ictimai səviyyədə təhlükələr yaradır.
Yeni ildən tətbiq olunan ən həssas yeniliklərdən biri regional kvotalara görə işdən çıxarılmanın qanuniləşdirilməsidir. Sərnişin və yük daşımaları sahəsində miqrantların payı işçilərin ümumi sayının 24 faizindən artıq ola bilməz. Tikinti sektorunda xarici işçilərin sayı əvvəlki 80 faiz əvəzinə 50 faizlə məhdudlaşdırılıb. Kənd təsərrüfatı və meşə təsərrüfatında isə bu göstərici 50 faizdən 40 faizə endirilib. Bundan başqa, Moskva istisna olmaqla, miqrantlara spirtli içkilər və tütün məmulatlarının satışı qadağan edilir. Oxşar qadağa artıq dərman satışları, qeyri-stasionar pərakəndə satış məntəqələri və bazarlar üçün də qüvvədədir.
Əgər müəssisədə xarici vətəndaşların sayı icazə verilən həddi aşarsa, işəgötürən onları işdən azad etməlidir, əks halda, cərimə ilə üzləşəcək. Beləliklə, martın 1-dən etibarən işəgötürənlər kvotalara riayət etmək məqsədilə miqrantları işdən çıxara biləcəklər. Bu addım işəgötürənləri hüquqi məsuliyyətdən qorusa da, miqrantların “müvəqqəti işçi” statusunu dəyişdirmir. Artıq sənədlərin qaydasında olması, əmək intizamı və peşəkarlıq iş yerinin qorunmasına zəmanət vermir. Bir regionda qəbul edilən inzibati qərar miqrantı birdən-birə işsiz və gəlirsiz qoya bilər. Bu vəziyyət xüsusilə ailəsini dolandırmaq üçün Rusiyada çalışan azərbaycanlılar üçün ciddi sosial təhlükə yaradır. Hazırda Rusiyada 10 minlərlə Azərbaycan vətəndaşı rəsmi əmək fəaliyyəti ilə məşğuldur. Qanunun qüvvəyə minməsi azərbaycanlı ailələr üçün yalnız sosial deyil, həm də psixoloji və humanitar çətinliklər yaradacağı şübhəsizdir. Çünki bir çox ailələr uzun illərdir Rusiyada birgə yaşayır, uşaqlar orada orta məktəbə gedir, şəxsi həyatlarını həmin ölkədə qurublar. Lakin yeni hüquqi çərçivə bu nizamı pozacaq.
Miqrant uşaqları da yeni qaydaların təsir dairəsindədir. Yanvarın 28-dən tətbiq olunacaq yeni məlumat mübadiləsi mexanizmi çərçivəsində Daxili İşlər Nazirliyi və ümumtəhsil müəssisələri arasında daimi məlumat mübadiləsi aparılacaq. Məqsəd faktiki yaşayan, lakin təhsildən kənarda qalan miqrant uşaqlarının sayını müəyyən etməkdir. Lakin sistem valideynlərin miqrasiya statusunda problemləri olan uşaqlar üçün əlavə inzibati maneələr yaradır. Bəli, bu gün azərbaycanlı miqrant ailələrinin bir hissəsi uşaqlarını Rusiyada saxlayaraq yerli məktəblərə göndərməyə çalışır. Lakin dil baryeri, adaptasiya problemləri, sosial ayrı-seçkilik və valideynlərin hüquqi statusunun qeyri-müəyyənliyi uşaqların tam inteqrasiyasına mane olur. Ailələrin daimi köç riski uşaqların psixoloji vəziyyətinə və gələcək inkişafına mənfi təsir göstərir. Təhsil hüququ kağız üzərində mövcud olsa da, faktiki olaraq, davamlılıq və keyfiyyət təmin olunmur, nəticədə miqrant ailələrinin sosial təcridi daha da dərinləşir.
Rus dili testlərinin tətbiqi uşaqların məktəbə davamlılığını çətinləşdirir. 2025-ci ildə 30 mindən çox əcnəbi uşaq məktəbə qəbul üçün müraciət etsə də, onların yalnız 12,6 faizi testdən uğurla keçib. Nəticədə bu ölkədə miqrant ailələrinin uşaqları həm sosial, həm də təhsil baxımından təcridə məruz qalırlar.
Bu baxımdan valideynlərin miqrasiya statusunun qaydasında olması, uşaqların vaxtında məktəbə cəlb edilməsi və dil biliklərinin artırılması əvvəlkindən daha çox əhəmiyyət kəsb edir. Yeni mexanizm miqrant uşaqlarının təhsil hüququnun qorunması ilə dövlət nəzarəti arasında balansın necə qurulacağını yaxın dövrün əsas müzakirə mövzularından birinə çevirir.
Mövzu ilə bağlı iqtisadçı Mahir Zeynalov XQ-yə bildirdi ki, bütün bu proseslər Rusiyanın miqrasiya siyasətində yeni mərhələyə keçidini göstərir: “Dövlət prioriteti artıq miqrant əməyinin sosial inteqrasiyası deyil, onun sərt nəzarət altında saxlanılması və iqtisadi cəhətdən daha “bahalı” hala gətirilməsidir. Bu yanaşma qısamüddətli dövrdə regional büdcələrə gəlir gətirsə də, uzunmüddətli perspektivdə sosial gərginlik, qeyri-leqal məşğulluq və miqrant icmalarının təcridi kimi problemləri dərinləşdirəcək.
Ümumilikdə yeni qaydalar Rusiyanın miqrasiya siyasətində prioritetlərin dəyişdiyini açıq göstərir. Bu, ucuz və çevik miqrant əməyindən tədricən imtina, sosial yükün miqrantların üzərinə keçirilməsi və regionların fiskal maraqlarının ön plana çəkilməsidir. Bu proses miqrant ixrac edən ölkələr üçün də mühüm mesajdır. Miqrantların hüquqi maarifləndirilməsi, onların alternativ məşğulluq imkanlarına yönləndirilməsi və geridönüş üçün iqtisadi mexanizmlərin gücləndirilməsi artıq zərurətdir”.
Beləliklə, 2026-cı ildən etibarən Rusiyada əmək miqrantının statusu əvvəlkindən daha baha, daha kövrək və daha qeyri-müəyyən olacaq.
P.ƏFƏNDİYEV
XQ