ABŞ-nin Venesuelada həyata keçirdiyi son əməliyyatlar Vaşinqtonun Latın Amerikası və Yaxın Şərq siyasəti ilə bağlı yeni müzakirələrə yol açıb. ABŞ senatoru Lindsi Qremin Kuba və İran rəhbərliyinə ünvanlanan xəbərdarlıq xarakterli açıqlaması bu ölkələrin də mümkün təzyiq və ya əməliyyat hədəfinə çevrilə biləcəyi ehtimallarını gündəmə gətirib. Xüsusilə ABŞ-nin geosiyasi maraqları, regional təhlükəsizlik prioritetləri və ideoloji qarşıdurmalar fonunda bu cür bəyanatların real siyasi nəticələr doğurub-doğurmayacağı sual altındadır. Bu kontekstdə Venesuela ilə Kuba və İran arasında mövcud fərqlərin düzgün təhlili məsələnin mahiyyətini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
Siyasi analitik Sədrəddin Soltan Editor.az-a açıqlamasında bildirib ki, Venesuela prezidenti Nikolas Maduronun rəhbərlik etdiyi ölkənin mövcud vəziyyəti ilə Kuba və İranın siyasi reallıqları arasında ciddi fərqlər var:

“ABŞ Prezidenti Donald Tramp Kuba və Kolumbiya rəhbərlərinin aqibətinin Maduronun taleyi ilə oxşar ola biləcəyini bəyan etsə də, bu ssenarinin həyata keçirilməsi o qədər də asan deyil. Kubada Fidel Kastrodan sonra müəyyən dəyişikliklərə cəhdlər göstərilsə də, Venesuelada Uqo Çavesdən sonra ABŞ-la münasibətlər ənənəvi düşmənçilik xətti üzrə davam etdirilib. Nikolas Maduro Çavesin apardığı anti-ABŞ siyasətindən geri çəkilməyib, əksinə ABŞ-nin regional rəqibləri və Vaşinqtona qarşı düşmən mövqedə olan ölkələrlə – Rusiya, Çin, İran, Şimali Koreya və digərləri ilə əlaqələri daha da gücləndirib. Bununla yanaşı, Venesuela ərazisində və regionda bu qüvvələrə məxsus siyasi-ideoloji dayaqların formalaşdırılmasına cəhdlər edilib ki, bu da ABŞ tərəfindən təhlükəsizlik təhdidi kimi qiymətləndirilir”.
Analitik vurğulayıb ki, İran Yaxın Şərqdə ABŞ-nin maraqlarına müəyyən risklər yarada bilsə də, Venesuela coğrafi baxımdan ABŞ-yə daha yaxın yerləşir və bu, mümkün təhlükələri Vaşinqton üçün daha həssas edir:
“Məhz bu səbəbdən Venesuela ilə İran eyni müstəvidə qiymətləndirilə bilməz. Venesuela İranla müqayisədə daha gec formalaşmış, müstəmləkə keçmişi olan bir dövlətdir, halbuki İran tarixən heç vaxt müstəmləkə olmayıb. Bu amil ABŞ-nin hər iki ölkəyə yanaşmasında fərqli yanaşmaların mövcudluğunu şərtləndirir. Lindsi Qremin açıqlaması daha çox pafos xarakterlidir. Senator İran rejimini qəbul etməsə də, İran Venesuela ilə eyniləşdirilə bilməz. İran Venesuelada “Hizbullah” tipli strukturlar yarada bilər, lakin Maduro İranda sosialist təşkilatlar formalaşdıra bilməz və bunu edə də bilmədi”.
//Gülnarə Abasova, Editor.az