AZ

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi fundamental siyasi proqram xarakteri daşıyır ŞƏRH

Bakı, 6 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin yeni dövrdəki strateji hədəflərini müəyyən edən fundamental bir siyasi proqram xarakteri daşıyır. Bu tarixi müsahibə, sadəcə, keçən ilin hesabatı deyil, həm də qalib bir dövlətin xaos içində olan dünyaya təqdim etdiyi sabitlik manifestidir. Məhz buna görə də dövlətimizin başçısının hər bir fikri analitik dərinliyi və milli mənafelərə söykənən qətiyyəti ilə seçilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin mərkəzində dayanan güclü dövlət konsepti müsahibədə özünün ən kamil ifadəsini tapdı. Dövlətimizin başçısının iqtisadi suverenliklə bağlı gətirdiyi arqumentlər Azərbaycanın maliyyə müstəqilliyinin hər hansı kənar təzyiq vasitəsini sıfıra endirdiyini bir daha sübut etdi. O, xüsusilə beynəlxalq maliyyə reytinqlərindəki yüksəlişi və qızıl ehtiyatlarının artırılmasını strateji bir zireh kimi xarakterizə etdi. Müsahibənin ən mühüm məqamlarından biri ABŞ-dakı yeni administrasiya və qlobal güc mərkəzləri ilə münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq müstəvisinə keçididir. Prezident İlham Əliyev nümayiş etdirdi ki, Azərbaycan artıq qlobal geosiyasətdə, sadəcə, iştirakçı deyil, həm də gündəliyi formalaşdıran əsas oyunçulardan biridir.

Ordu quruculuğu məsələsində səsləndirilən fikirlər dövlətimizin hərbi qüdrətinin kəmiyyət və keyfiyyət baxımından çatdığı zirvəni göstərir. Komando birliklərinin sayının sürətlə artırılması və yerli müdafiə sənayesinin ixrac potensialının yüksəlməsi regionda sülhün ən böyük təminatçısının məhz Azərbaycan Ordusu olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin "Biz hər şeyə hazırıq" mesajı revanşist qüvvələrə və onların xaricdəki havadarlarına verilmiş ən ciddi xəbərdarlıq idi. İşğaldan azad edilmiş ərazilərdəki bərpa prosesini Böyük Qayıdışın növbəti mərhələsi kimi təqdim edən dövlətimizin başçısı Qarabağın dünyanın ən modern bölgələrindən birinə çevriləcəyinə dair güclü iradənin olduğunu nümayiş etdirib.

“Zəngəzur dəhlizinin açılması və Orta Dəhlizin strateji əhəmiyyəti barədə verilən analitik şərhlər Azərbaycanın qlobal logistik qovşaq statusunu möhkəmləndirir. Prezident İlham Əliyev vurğuladı ki, bizim iştirakımız olmadan regionda heç bir strateji layihə reallaşa bilməz. Müsahibədə sosial ədalət prinsiplərinə və vətəndaş rifahına ayrılan xüsusi yer xalq-iqtidar birliyinin nə qədər səmimi təməllər üzərində qurulduğunun bariz nümunəsidir. Milli-mənəvi dəyərlərin, xüsusilə Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışlar liderin öz xalqının tarixinə və kimliyinə olan dərin bağlılığının təzahürüdür.

Dövlətimizin başçısının qlobal iqlim dəyişikliyi və COP29 sonrası Azərbaycanın yaşıl enerji strategiyası haqqındakı vizyonu ölkəmizin gələcək texnologiyalar dövrünə tam hazır olduğunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan neft amilindən asılılığı minimuma endirərək intellektual resurslara əsaslanan yeni iqtisadi modelə uğurla keçid edir”, - deyə T.İsmayılov vurğulayıb.

Politoloq əlavə edib ki, müsahibənin hər bir cümləsi dövlət sükanının etibarlı, müdrik və qətiyyətli bir əldə olduğunun təsdiqidir. Prezident İlham Əliyevin simasında dünya siyasi elitası xaos erasında öz ölkəsini zəfərdən-zəfərə aparan dahi bir strateqin portretini görür. 2026-cı ilin ilk günlərində səslənən bu fikirlər Azərbaycanın "Qızıl” dövrünün davamlılığını və liderlik ambisiyalarının miqyasını bir daha hər kəsə göstərdi. Bu müsahibə modern Azərbaycanın dövlətçilik tarixinin ən parlaq və ən mühüm sənədlərindən biri kimi yaddaşlara həkk olundu.

Seçilən
112
azertag.az

1Mənbələr