AZ

Elman Nəsirov: ““Güclüsənsə, haqlısan" məntiqi işləyir”

"Cənab Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bir sıra strateji əhəmiyyətli məsələləri dilə gətirdi, xüsusilə, müasir dünya nizamına, bugünkü dünya reallıqlarında güc faktoruna diqqəti çəkdi. Dövlətimizin başçısı hələ 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də bu məsələyə xüsusi diqqət ayırmışdı. O zaman da qeyd etmişdi və televiziya kanallarına müsahibəsində də bir daha vurğuladı ki, bu gün beynəlxalq hüquq yoxdur. Bu gün dünyada güc amili var. "Güclüsənsə, haqlısan" məntiqi işləyir. Bu gün beynəlxalq hüquq yox, dövlətlər arasında əməkdaşlıq, müttəfiqlik var, hüququn gücü yox, gücün hüququ işləyir. Həqiqətən də, belədir".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

 

"Cənab Prezident vurğuladı ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının son sammitində də biz Türk Dövlətləri Təşkilatının üzvlərinin birgə hərbi təlimlər keçirmələri məsələsini təsadüfən qaldırmadıq. Çünki ikitərəfli formatda belə hərbi təlimlər var, amma daha çox Türkiyə ilə keçirilir. Üzv dövlətlər arasında birgə hərbi təlimlərin keçirilməsi olduqca vacib məsələdir. Biz Türk Dövlətləri Təşkilatını heç də hərbi təşkilata çevirmək hədəfini seçməmişik, amma güclü olmalıyıq, müxtəlif komponentlər, hərbi təhlükəsizlik, müdafiə sənayesi sahəsində əməkdaşlığımız daha da inkişaf etdirilməlidir. Geostrateji, geosiyasi platformaya çevrilməliyik. Bu proses bu gün getməkdədir. Cənab Prezident qeyd etdi ki, son zamanlar, xüsusilə, dünyada baş verən proseslər bir daha göstərir ki, bəli, güc amili həlledicidir. Eyni məntiqlə Azərbaycan dövləti öz təhlükəsizliyi və müdafiə gücü məsələlərinə önəm verir. Nəzərə alsaq ki, 2025-ci ildə Azərbaycanın müdafiə və təhlükəsizlik büdcəsi 8,4 milyard manat təşkil edirdisə, 2026-cı ilin dövlət büdcəsində eyni məqsəd üçün əlavə olaraq 318 milyon manat vəsait ayrılıb. Hazırda hərbi xərclərimiz 8,7 milyard manata çatıb. Bu gün beynəlxalq hüquq yox, məhz güc faktoru həlledici faktordur. Biz öz itirilmiş torpaqlarımızın bərpasında da güc amilindən istifadə etdik. Bunu BMT Nizamnaməsinin 51-ci, yəni "ərazisi təcavüzə məruz qalmış dövlətin fərdi və kollektiv müdafiə hüququ var" maddəsinə istinadən reallaşdırdıq. Bundan sonra da güclü olmalıyıq, çünki müasir dünya reallıqları bunu tələb edir", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 6 Yanvar 2026, 13:28   
Seçilən
64
pravda.az

1Mənbələr