AZ

Deputat: “Paşinyan istəyirsə ki, Ermənistan adında dövlət olsun, o zamanterrorçuları Azərbaycana təhvil verməlidir”

“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi bir dövrdə ABŞ-nin o zamankı rəhbərliyi, rüşvətxor, korrupsioner senatorlar, ermənipərəst mövqe tutaraq ərazisi işğal olunan, soyqırımlara məruz qalan Azərbaycana qarşı 907-ci düzəlişi tətbiq etdilər. Bu o dövrdəki Amerikanın dırnaqarası demokratiyasından, dırnaqarası ədalətindən xəbər verirdi. Ancaq bu gün vəziyyət tamam başqadır. Cənab Prezidentimizin apardığı çox uğurlu, uzaqgörən, müdrik siyasəti nəticəsində bu gün ABŞ ilə Azərbaycan arasında münasibətlər kifayət qədər yüksək səviyyədə yaxınlaşma, dostluq, əməkdaşlıq vəziyyətində irəliləyir və irəliləməkdə davam  edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

O bildirib ki, Donald Trampın hakimiyyətə gəlməsi və onun Azərbaycana qarşı ədalətli mövqeyi  bu şəraiti yaradıb: “Vaşinqtonda 8 avqust tarixində baş tutan görüş zamanı cənab Tramp məsələ ilə bağlı mövqeyini artıq ortaya qoydu. Yəni 907-ci düzəlişin dayandırılması məsələsi gündəmə gəldi və mövcuddur. Biz nəyi gözləyirik? Bu gün də ABŞ-nin senatorlar, konqresmenlər arasında ədalətsiz ermənipərəst mövqe tutanlar var. Onlar vaxtaşırı Azərbaycana qarşı öz sahələrində hücumlar edirlər. Onların qarşısını alsın, Respublikaçılar Partiyasının üzvlərinə düzgün izah etsin. Trampın dediyini edən mövqeyi var. Biz bunu görürük. 907-ci düzəliş tamamilə aradan qaldırılsın. Cənab Prezidentimiz dünən yerli telekanallara verdiyi müsahibədə də bu mövzuya toxunub, bildirib ki, biz bunu gözləyirik və inanırıq ki, belə də olacaq. Çünki ABŞ-nin fəaliyyətdə olan Prezidenti cənab Tramp söz verdi və düşünürəm ki, verdiyi sözün üzərində duracaqdır. 907-ci düzəliş tamamilə aradan qaldırılacaq. Söhbət təkcə 907-ci düzəlişdən getmir. Eyni zamanda o dövrdə Azərbaycana qarşı olan ABŞ-nin o dövrdəki rəhbərlərinin ədalətsiz, haqsız ermənipərəst mövqeyindən gedir. Birdən-birə torpaqlarımız Ermənistan tərəfindən işğal edilir, biz soyqırımlara məruz qalırıq və bizə qarşı sanksiya tətbiq olunur. Bu görülməmiş haqsızlıq, ədalətsizlikdir. İndi bu, aradan qaldırılır və gözləyirik ki, tamamilə rəsmi formada ləğv edilsin”.

 

E.Məmmədovun sözlərinə görə, cənab Prezident Ağdam sakinləri ilə görüşündə də, geniş və dəyərli müsahibəsində də qeyd edib ki, müharibəyə hazırlaşmır: “Heç bir dövlətin ərazisində müharibə aparmamışıq, ərazisinə müdaxilə etməmişik. Biz ərazilərimizi işğaldan azad etmişik. Təkcə müharibədə qalib gəlməmişik, eyni zamanda regiona sülh gətirməklə məşğuluq. Bu işimizi davam etdiririk. Əyani nümunələri də görürük. Azərbaycan üzərindən başqa ölkələrdən Ermənistana taxıl göndərildi, Azərbaycanın neft məhsulları getdi. Getdikcə də bu əməkdaşlıq artacaqdır. Cənab Prezidentimizin dünən qeyd etdiyi kimi bu əməkdaşlıqda uduzan dövlət olmayacaq. Hamının burada müəyyən qədər marağı, xeyri var. Ermənistan rəhbərliyi də nəhayət olaraq bunu başa düşməlidir. İndi Paşinyan, onun qrupu, komandası müəyyən qədər başa düşür. Ancaq Paşinyana maneə olan revanşist qüvvələr var. Onlar Azərbaycan xalqına qarşı soyqırımlar törətmiş, Azərbaycan ərazilərini işğal etmiş Koçaryan, Sarkisyan cütlüyü və onların ətrafında olan murdar, revanşist, separatçı, terrorçu qüvvələrdir ki, bunlar xaricdən müəyyən güc mərkəzləri tərəfindən maliyyələşdirilərək idarə edilir. Paşinyan istəyirsə ki, Ermənistan adında dövlət mövcud olsun və ya dövlət inkişaf etsin, əhali rahat yaşasın, ərazisində olan o cinayətkar, separatçı, terrorçuları, Koçaryan, Sarkisyan, Balasanyanı və digərlərini “İnterpol” xətti ilə həbs etdirib Azərbaycana təhvil verməlidir. Çünki  bunlar Azərbaycan dövləti və xalqına qarşı çoxsaylı cinayətlər törədiblər. Buna görə onlar Azərbaycanda mühakimə olunub cəzalanmalıdırlar. Bu zaman Ermənistanda da sakitlik və sabitlik olacaqdır”.

 

Şəhanə Quliyeva

 

Tarix: 6 Yanvar 2026, 13:44   
Seçilən
28
pravda.az

1Mənbələr