AZ

"Uşaqlarda iştahsızlıq hər zaman xəstəlik deyil" - PEDİATR DANIŞDI

"Uşaqlarda iştahsızlıq valideynləri ən çox narahat edən mövzulardan biridir. Amma bu hal həmişə xəstəlik əlaməti demək deyil". Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.

Onun sözlərinə görə, əksər hallarda iştahsızlığın arxasında psixoloji və davranış səbəbləri dayanır: "Uşaqlarda iştahsızlığın ən yayğın səbəbi yemək zamanı yaranan gərginlikdir. Valideynin israrla yedizdirməsi, məcbur etməsi, yeməyi mükafat və ya cəza vasitəsinə çevirməsi uşağın yeməyə qarşı müqavimətini artırır. Xüsusilə 2–5 yaş dövründə uşaq müstəqilliyini göstərmək istədiyi üçün yeməkdən imtina edə bilər. Ailədaxili stress, qorxu, emosional gərginlik və ekran qarşısında yemək vərdişi də iştahın azalmasına səbəb olur.

Bəzi dövrlərdə uşağın böyümə sürəti yavaşlayır və bu zaman iştah da azalır. Fiziki aktivliyin az olması və iştahın dövri dəyişməsi tamamilə normal haldır və xəstəlik göstəricisi sayılmır. Daha az hallarda iştahsızlıq tibbi problemlərlə əlaqəli olur. Dəmir defisitli anemiya, D vitamini və sink çatışmazlığı, parazitar infeksiyalar, qəbizlik, qastroezofageal reflüks və xroniki infeksiyalar nadir də olsa iştahı azalda bilər. Endokrin və metabolik xəstəliklər isə çox nadir səbəblər sırasındadır.

Əgər iştahsızlıqla yanaşı uşağın çəkisi artmır və ya azalırsa, boy artımı geri qalırsa, uşaqda davamlı halsızlıq, solğunluq, tez-tez xəstələnmə və yeməkdən tam imtina müşahidə olunursa, mütləq həkim müayinəsi lazımdır. Normal inkişaf edən, aktiv olan və boy-çəki göstəriciləri yaşına uyğun olan uşaqda iştahsızlıq çox vaxt xəstəlik deyil, davranış və psixoloji səbəblərlə bağlıdır.

İlk addım valideyn davranışlarını və yemək mühitini qiymətləndirməkdir. Yemək rejimi və qida müxtəlifliyi düzgün qurulmalıdır. Tibbi müayinə və analizlər isə yalnız göstəriş olduqda aparılmalıdır. Uşaqlarda iştahsızlıq problemi ilə qarşılaşdıqda əsas məqsəd dərman axtarmaq deyil, səbəbi düzgün müəyyən etmək olmalıdır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
50
1
sia.az

2Mənbələr