AZ

Prezidentin beynəlxalq münasibətlər və 907-ci düzəlişlə bağlı mesajları çox önəmlidir - MÜSAHİBƏ

BAKI, 6 yanvar. TELEQRAF

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bir çox məsələlərlə yanaşı Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna da toxunuldu. Hazırda qloballaşan münasibətlər fonunda ölkəmizin mövqeyini bu mənada necə xarakterizə etmək olar?

- Ölkə başçısının müsahibəsi qarşıdakı dövr üçün mühüm yol xəritəsi kimi olduqca əhəmiyyətli məsələləri özündə ehtiva edir. Müsahibədə verilən mesaj ondan ibarətdir ki, bu gün müasir və keşməkeşli dünyada Prezidentin də ifadə etdiyi kimi beynəlxalq qanunun işləmədiyi bir zamanda Azərbaycanın yeri, rolu və mövqeyi ortaya qoyuldu. Dövlət başçısı beynəlxalq münasibətlərlə bağlı çox ciddi təhlil apararaq həm regionda olan vəziyyəti, dünyada gedən prosesləri, həm də Azərbaycanın perspektivləri haqqında fikirlərini təqdim etdi. Bu, ölkə başçısının tam açıq şəkildə, səmimi reallığı əks etdirən məsələlərin konkret olaraq dünyaya çatdırılmasıdır.

- Faktiki olaraq beynəlxalq hüquq mövcud olduğu şəraitdə onun tətbiqi ilə bağlı anlayışlar tamam fərqlidir. Bu halda Azərbaycan hansı xətti tutmalıdır?

- Təəssüf ki, bu gün beynəlxalq qanunların işləməməsi ilə yanaşı onun guya tətbiq edilməsi məsələsi, yəni ikili standartların mövcudluğu ən böyük bəlalardan biridir. Bunun fonunda Azərbaycanın konkret, dürüst, açıq mövqeyi təqdirəlayiq bir məsələdir. Bu xüsusda Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə yüksəlməsi də ölkə başçısının müsahibəsində xüsusi yer tutub. Sözsüz ki, bu, çox vacib bir amil idi. Obama-Bayden və Bayden-Blinken administrasiyası məsələsinin müzakirə edilməsinin də böyük mənası var. "Nəyi Azərbaycan qəbul edə bilməz" amili çox önəmlidir. Azərbaycan-ABŞ münasibətlərinin indiyə qədər böhran vəziyyətində olması, ölkəmizi narahat edən məsələlərin hamısı bir daha bəyan edildi. Bu mənada Azərbaycan Prezidentinin müsahibəsində səsləndirdiyi mühüm məsələlər artıq beynəlxalq müstəvidə geniş şəkildə təhlil olunmağa başlayıb.

- Azərbaycan-ABŞ münasibətlərinə dair ölkə başçısının açıqladığı məqamlar daha çox diqqəti cəlb edir. Məlum “907-ci” düzəlişin aradan qaldırılması istiqamətində atılan addımlar Bakı-Vaşinqton əlaqələrinin yeni müstəvidə inkişafına necə təsir edəcək?

- Hazırda Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq müstəvisinə yüksəlib. Amma digər tərəfdən bu ölkədən Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, məlum 907-ci düzəlişin olması sözsüz ki, bir-birini inkar edən məsələlərdir. Ölkə başçısının da vurğuladığı kimi 907-ci düzəlişin Azərbaycana təsiri o qədər əhəmiyyətli olmadığı halda bunun rəmzi və siyasi təsiri çox böyükdür. Çünki bu maddənin və sanksiyanın saxlanılması məntiqsizdir. Azərbaycanla Ermənistan arasında artıq sülh mövcuddur. Ölkəmiz öz ərazisindən Ermənistana malların daşınması ilə yanaşı yanacaq materiallarının çatdırılmasını təmin edib. Amma bunun fonunda məlum 907-ci düzəliş hələ də “blokada” haqqında danışır, Azərbaycana sanksiyaları tətbiq edir. Bu isə öz-özlüyündə reallıqdan uzaq yanaşmaya çevrilir. Strateji əməkdaşlıq səviyyəsinə yüksələn münasibətlərə bu amil təbii ki, ciddi təsir göstərir.

- Yeni ABŞ Administrasiyası, Prezident Donald Tramp dövründə Bakı-Vaşinqton münasibətlərində hansı xətti izləmək mümkündür?

- Trampın məhz Prezident İlham Əliyevin şahidliyi ilə 907-ci düzəlişin dayandırılması ilə bağlı qərara imza atması tarixi məsələ idi. Proses artıq ABŞ Konqresindədir. Artıq konqresmen Anna Paulina Luna 907-ci düzəlişin tam ləğvinə dair qanun layihəsini təqdim edib. Bu yaxınlarda Prezident İlham Əliyev ABŞ senatorlarını da qəbul edib. Təbii ki, həmin senatorlar da bu məsələyə dair özlərinin mövqeyini ifadə edəcəklər. Həmçinin Azərbaycandan göndərilən nümayəndə heyətləri və Milli Məclis təmsilçiləri olaraq 2025-ci ilin son aylarında iki dəfə ABŞ-də olub orada konqresmenlərlə, senatorlarla görüşmüşük. Bundan sonra biz bu istiqamətdə öz fəaliyyətimizi davam etdirəcəyik.

- Hazırkı dövrdə də ABŞ-dəki erməni lobbisinin bu mövzuya qarşı yanaşması necədir?

- Amerikadakı erməni lobbisi hazırda bu məsələyə qarşı da işləyir. Onlar bir daha sübut edir ki, ABŞ-də olan erməni lobbisi bugünkü Ermənistanın real hakimiyyəti ilə yanaşı Amerikanın da milli maraqlarına qarşı iş aparır. Bu da onu sübut edir ki, vaxtilə Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəliş Amerikanın milli maraqlarına tamamilə zidd olan bir məsələ idi.

Seçilən
83
2
teleqraf.com

3Mənbələr