"İnsanlar ən xoşbəxt anlarında belə narahatlıq keçirirlər. Çünki xoşbəxtlik anlayışı hər kəs üçün fərqlidir. İnsan uşaqlıq dövründə hansı ailədə böyüyürsə, bu anlayış-xoşbəxtlik, mükafat, risk ona görə formalaşır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, bəzi ailələrdə bir şokolad qutusu xoşbəxtlik və mükafatdır, digərində isə yeni ev almaq. Bu, tamamilə nisbi və insana görə dəyişən bir şeydir: "Beynimizdə bir müdafiə mexanizmi var. Uşaqlıqda ailədən aldığımız mesajlara əsaslanaraq formalaşan “şemalar”a görə beynimiz bu müdafiə mexanizmini işə salır. Əgər ailə bizə deyibsə ki, risk almaq təhlükəlidir, o zaman risklərdən uzaq dururuq və inkişaf prosesimiz yavaşlayır. Amma əgər ailə bizi cəhd etməyə, inkişaf etməyə təşviq edibsə, beynimiz bu yolda daha rahat hərəkət edir.
Xoşbəxtlik anlayışı bəzi insanlar üçün risklə eyniləşir. Məsələn, biri düşünə bilər ki, çox pul qazanaram, sonra xəstə olaram. Ya da deyə bilər ki, yaxşı maaş alarsam, yardım etməli olacam. Bu tip düşüncələr uşaqlıqda formalaşan inanc sistemlərindən gəlir. Bəzən batil inanclarla (çox gülsən, ağlayarsan) birləşir. Beynimiz xoşbəxtlik halında belə bir siqnal verir: “Bu vəziyyət nə qədər davam edəcək? Görəsən, bundan sonra nəsə pis şey olacaqmı?” Çünki insan nəzarəti itirməkdən qorxur. Xoşbəxtlik bizə nəzarəti itirmək kimi görünə bilər. Ona görə də insanlar çox xoşbəxt olmaq istəmir, çünki sonra nəsə pis bir şeyin olacağından qorxurlar.
İnsanlar özlərini dəyərli və xoşbəxtliyə layiq görmədikdə də bu narahatlıq yaranır. Bu düşüncə uşaqlıqdan gələn inanclarla bağlıdır. Əgər bu inanc sistemi dəyişdirilməzsə, sinir sistemi və psixologiya “çox xoşbəxt olmaq təhlükəlidir” kimi proqramlanır. Əslində insan problem yaşamadan da xoşbəxt ola bilər. Gülə bilər, dincələ bilər, rahat ola bilər — və bu, təhlükəli deyil. Bu fərqindəlik formalaşdıqda narahatlıqlar da aradan qalxacaq.
Toplamda belə demək olar: insanlar xoşbəxt olduqları anlarda narahatlıq keçirirlər, çünki onlar bu hissə layiq olduqlarına inanmırlar və ya bunun uzun sürəcəyinə inanmırlar. Bu isə onların uşaqlıqda qazandığı inanc və şemalardan qaynaqlanır. Lakin bu düşüncə formalarını dəyişmək mümkündür. Təhlükəsiz, daha sağlam bir zehniyyət qurmaqla, beyin xoşbəxtliyin təhlükəsiz olduğunu qəbul edə bilər. İnsan problem yaşamadan da xoşbəxt ola bilər. Gülə bilər, uğur əldə edə bilər, rahat ola bilər — bu, tamamilə normaldır. Bu fərqindəliklər formalaşdıqca, həmin narahatlıqlar da azalacaq və aradan qalxacaq".