Bakı, 6 yanvar, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycanın “Government AI Readiness Index 2025” hesabatındakı mövqeyi, ölkənin rəqəmsal transformasiya siyasətinin kəmiyyət göstəricilərindən keyfiyyət tətbiqlərinə keçidini əks etdirən əhəmiyyətli bir indikator kimi dəyərləndirilə bilər.
Bu barədə AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.
Ekspert qeyd edib ki, bir il ərzində 111-ci pillədən 70-ci pilləyə yüksəlmə (+41 pillə), dövlət idarəçiliyində süni intellektin tətbiqi, institusional dayanıqlıq və strateji planlamanın koordinasiyalı fəaliyyətinin nəticəsi hesab etmək olar: “Bu göstərici Azərbaycanı Cənubi Qafqaz regionunda reytinq cədvəlinin ən yüksək sırasına yerləşdirməklə yanaşı, Mərkəzi və Cənubi Asiya regionunda Türkiyə, Hindistan və Qazaxıstan kimi ölkələrlə eyni rəqabət qrupuna daxil edir.
Regional müqayisəli təhlil göstərir ki, Azərbaycanın üstünlüyü xüsusilə “Dövlət sektoru” meyarı üzrə qeydə alınan 66.97 ballıq nəticədə özünü büruzə verir. Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə bu fərq daha aydın görünür: Gürcüstan 84-cü yer (43.10 bal) ilə "orta səviyyəli" hazırlıq qrupunda qərarlaşdığı halda, Ermənistan 108-ci yer (37.17 bal) ilə regionda daha aşağı hazırlıq tempini nümayiş etdirir. Bu rəqəmlər Azərbaycanın süni intellekt həllərini e-hökumət portalları və proaktiv xidmət modelləri vasitəsilə qonşularına nisbətən daha praktiki və sürətli müstəviyə daşıdığını təsdiqləyir. Gürcüstanın idarəetmə şəffaflığı üzərində cəmləşmiş mövqeyi və Ermənistanın rəqəmsal infrastruktur tempindəki zəifləməsi fonunda Azərbaycanın 2025-ci ilin yanvar ayında beynəlxalq gündəmdə geniş işıqlandırılan “Süni İntellekt Strategiyası 2025–2028” sənədi, ölkənin regional rəqəmsal mərkəz statusunu hüquqi və texniki arqumentlələ möhkəmləndirir.
İrəliləyişin fundamental səbəbləri sırasında institusional hazırlıq və verilənlərin idarə olunması (Data Governance) sahəsində tətbiq edilən sistemli yanaşma ön plana çıxır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin koordinasiyası ilə həyata keçirilən kiber-gigiyena, bulud həlləri və rəqəmsal bacarıqların artırılması layihələri "Dayanıqlıq" (58.27 bal) göstəricisini balanslaşdırıb. Bu yanaşma, beynəlxalq audit və hesabatlarda Azərbaycanın süni intellekt texnologiyalarını təkcə mənimsəyən deyil, həm də onları təhlükəsizlik və davamlılıq standartlarına uyğun idarə edə bilən ekosistem kimi tanınmasına şərait yaradıb”, - deyə Elvin Abbasov vurğulayıb.
Ekspert onu da qeyd edib ki, analitik nəticələrə əsasən, 70-ci yerə yüksəlmə ölkənin qlobal süni intellekt hazırlıq səviyyəsindəki yeni rəqabət mərhələsinin başlanğıcıdır. “Cari vəziyyət Azərbaycanın "hazır olan" ölkələr qrupundan "effektiv tətbiq edən" ölkələr sırasına inteqrasiyasını rəsmiləşdirib. Lakin növbəti dövr üçün "Texnologiya sektoru" göstəricisinin (20.6 bal) artırılması məqsədilə özəl sektorun süni intellekt layihələrində iştirak payının genişləndirilməsi və yerli startap ekosisteminin bu istiqamətdə stimullaşdırılması strateji zərurət kimi qalmaqdadır. Mövcud irəliləyiş 2026-cı il hədəfləri üçün dayanıqlı bir texnoloji platforma rolunu oynayır”, - deyə Elvin Abbasov əlavə edib.