GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanılaraq bu ölkəyə aparılması beynəlxalq münasibətlər sistemində ciddi narahatlıq doğurub. Bir dövlət başçısının xarici ölkə tərəfindən xüsusi əməliyyatla ələ keçirilməsi suverenlik və toxunulmazlıq prinsiplərinin faktiki olaraq aşındığını göstərir və qlobal təhlükəsizlik mühitində yeni presedent formalaşdırır.
Ekspertlərin fikrincə, analoji mexanizm gələcəkdə digər güc mərkəzləri tərəfindən də tətbiq oluna, məsələn, Rusiya bir gün Ukrayna Prezidenti Volodimir Zelenskini və ya Ermənistanın Baş naziri Nikol Paşinyanı oxşar üsulla ələ keçirərək öz ərazisinə apara bilər.
Bu cür əməliyyatlar mövcud beynəlxalq hüquq və təhlükəsizlik şərtləri daxilində nə dərəcədə realdır? Belə bir praktikanın normallaşması qlobal siyasi sistemi hansı risklərlə üz-üzə qoya bilər?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, prezidentlərin hakimiyyətdən salınması və ya qaçırılması ABŞ tarixində ilk hadisə deyil:
“36 il öncə Panamanın Prezidenti Manuel Norieqa narkotik ticarəti ilə məşğul olmaq ittihamı ilə ABŞ tərəfindən həbs edilmişdi. Eyni dövrdə 1979-cu ildə Sovet İttifaqının xüsusi təyinatlı qüvvələri Əfqanıstanın Prezidenti Hafizullah Əmini aradan götürmüşdü. Maduronun həbsi bu baxımdan yeni deyil və tarix təkrarı kimi qiymətləndirilə bilər. ABŞ bu addımı öz strateji və iqtisadi maraqlarını həyata keçirmək, Monre Doktrinasını təsdiqləmək məqsədilə atdı.
Oqtay Qasımov
Əlbəttə ki, bu, gələcək üçün pis presedentdir. Dünyada böyük dövlətlər belə bir nümunədən cəsarət alaraq aqressiv hərəkətlər edə bilərlər. Rusiyanın oxşar praktikası da mövcuddur. O baxımdan Ukrayna və Ermənistan kimi ölkələrdə analoji əməliyyatların nəzəri olaraq mümkünlüyü istisna edilmir. Ermənistan kontekstində isə ehtimal daha yüksəkdir.
Ermənistanın hüquq-mühafizə və ordu sistemində Rusiyaya meyilli qüvvələr hələ də çoxdur. Kreml bu ölkəyə təsir imkanına malikdir və Rusiyanın 102-ci hərbi bazası ilə Ermənistan sərhədindəki mövcud qüvvələr belə bir əməliyyatın icrasını mümkünsüz etməz”.
Turan Rzayev
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.