AZ

Çin ABŞ-ni beynəlxalq münasibətlərdə sabitliyi pozmaqda ittiham etdi

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ni Venesuela prezidenti Nikolas Maduronun saxlanılaraq məhkəmə qarşısına çıxarılması ilə beynəlxalq münasibətlərdə sabitliyi pozmaqda ittiham edib.

Editor.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bugünkü mətbuat konfransında ABŞ-nin Venesuela prezidenti Nikolas Maduroya qarşı açıq şəkildə cinayət işi qaldırmasına və onun məhkəməyə çıxarılmasına sərt reaksiya verib.

Mao Nin bildirib ki, ABŞ Venesuela dövlət başçısının rəsmi statusunu görməzdən gələrək ona qarşı açıq şəkildə ittiham irəli sürüb və öz daxili məhkəməsində “guya məhkəmə prosesi” keçirib: “Bu addım Venesuelanın milli suverenliyinin ciddi şəkildə pozulması və beynəlxalq münasibətlərdə sabitliyin zədələnməsi deməkdir. Heç bir ölkə öz daxili qaydalarını beynəlxalq hüquqdan üstün tuta bilməz”.

Çinli diplomat Venesuela prezidenti Nikolas Maduronun və onun həyat yoldaşı Siliya Floresin dərhal azad edilməsini, həmçinin onların şəxsi təhlükəsizliyinin təmin olunmasını tələb edib.

Qeyd edək ki, ABŞ-nin Nyu-York şəhərində yerləşən məhkəmə ötən gün Venesuela prezidenti Maduronun işi üzrə ilk məhkəmə iclasını keçirib. Maduro “narkotik terroru”, kokain qaçaqmalçılığı, avtomatik silah və partlayıcı maddələrin saxlanılması, həmçinin onların ABŞ-yə qarşı istifadəsi ittihamları ilə üzləşir. Ona qarşı dörd ömürlük həbs cəzası tələb olunur.

Venesuela lideri irəli sürülən bütün ittihamları rədd edib. Hakim növbəti məhkəmə iclasının martın 17-də keçirilməsi barədə qərar qəbul edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr