AZ

“Regionda rəqabət açıq qarşıdurma həddinə çatır” “Ermənistan alət kimi nəzərdən keçirilir...”

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Fərhad Məmmədov: “Cənubi Qafqazda xarici aktorların təsirini qadağan etmək mümkün deyil, amma onu idarə etmək olar”

Politoloq Fərhad Məmmədov Cənubi Qafqazda sülh prosesinə xarici təsirlər və bu təsirlərlə necə davranılmalı olduğu barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Cənubi Qafqaz coğrafiyası, tarixi, tranzit və enerji potensialı, eləcə də mürəkkəb qonşuluq mühiti səbəbindən ənənəvi olaraq yüksək konfliktli regionlardan biridir. Bu amillər bölgəni xarici aktorlar arasında daimi rəqabət meydanına çevirir və bəzən bu rəqabət açıq qarşıdurma həddinə çatır.

Politoloq bildirib ki, regionda əsas rəqabət Türkiyə, Rusiya və İran arasında gedir: “Bu ölkələr bir-biri ilə həm rəqabət aparır, həm də situativ tərəfdaşlıqlar qururlar. Burada geosiyasi, hərbi-siyasi və iqtisadi ölçülər mövcuddur. Bu münasibətləri ‘rəqabətli tərəfdaşlıq’ kimi xarakterizə etmək olar”.

F. Məmmədovun fikrincə, Avropa İttifaqı ilə Rusiya arasında geosiyasi və iqtisadi qarşıdurma artan xətt üzrə davam edəcək. ABŞ–Rusiya münasibətləri də eyni müstəvidə inkişaf edir, lakin Tramp dövründə bu münasibətlərin açıq konfrontasiyadan rəqabətli tərəfdaşlığa keçə biləcəyi ehtimal olunur.

Ekspert qeyd edib ki, ABŞ–İran və İsrail–İran qarşıdurması hərbi eskalasiya həddinə çatsa da, Cənubi Qafqaz hələlik birbaşa münaqişə zonası deyil. Bununla yanaşı, Hindistan və Pakistan regiondan uzaq olsalar da, Azərbaycan və Ermənistanın silahlanmasında iştirak edir, beynəlxalq təşkilatlar vasitəsilə öz rəqabətlərini regiona daşıyırlar.

Çin–ABŞ rəqabətinin də Cənubi Qafqazda hiss olunmağa başladığını deyən politoloq vurğulayıb ki, Fransa və Yunanıstanın Türkiyəyə qarşı apardığı geosiyasi xəttdə Ermənistan alət kimi nəzərdən keçirilir. İsrail–Türkiyə qarşıdurması da zaman-zaman Azərbaycan üzərindən regiona sirayət edir.

F. Məmmədov hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi region üçün yeni imkanlar yarada bilər: “Bu proses xarici aktorların rəqabətini ya artıracaq, ya da bəzi hallarda mənasız edəcək. Bu gün aktorların bir qismi sülhə dəstək verir, bir qismi nəticələrə hazırlaşır, digərləri isə münaqişə üzərindən maraqlarını qorumağa çalışır”.

Onun sözlərinə görə, xarici aktorların güc proyeksiyasını qadağan etmək mümkün deyil, amma onu idarə etmək olar: “Azərbaycan və Gürcüstanın güclü aktorların təsirini milli maraqlar çərçivəsinə salmaq təcrübəsi var. İndi bu yanaşmanın Azərbaycan–Ermənistan arasında, daha sonra isə üçtərəfli formatda formalaşdırılması aktualdır”.

Politoloq bildirib ki, bu kontekstdə TRIPP layihəsi nümunəvi modeldir: “Azərbaycan və Ermənistan ABŞ-nin iştirakı ilə kommunikasiya xətlərinin açılması üzrə bir layihədə razılaşıblar. TRIPP layihəsinin uğuru ‘Əsrin müqaviləsi’nin uğurunu təkrarlaya bilər”.

Fərhad Məmmədov sonda vurğulayıb ki, xarici aktorlar region ölkələrini proksi alətə çevirməməlidir: “Böyük güclər anlamalıdır ki, qaydaları region ölkələri müəyyən edir və bu çərçivələrdən kənara çıxmaq mümkün olmamalıdır”.

Rasim Əliyev AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
127
azpolitika.info

1Mənbələr