ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Beyləqan rayonunda 1993-cü il təvəllüdlü Seyidağa Rüstəmov dostu Ramil Rzayevi qətlə yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Seyidağa 11 oktyabr 2024-cü ildə tanışının Füzuli rayonu, Alxanlı kəndində keçirilmiş toy mərasimində yemək yeyib, spirtli içki qəbul etdikdən sonra həmin gün saat 23 radələrində Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən “Yeni Mil” adlı mağazanın qarşısına gəlib. Oradan keçən Yuxarı Qarabağ-Daşburun avtomobil yolunda hərəkətdə olan avtomobillərin hərəkətinə mane olmaq məqsədilə yolun hərəkət hissəsinə yaxınlaşıb, yoldan ötən avtomobillərə əl-qol işarələri edib. Həmin vaxt yolda hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü ilə mübahisə edib, digər avtomobillərin hərəkətinə mane olmaqla sıxlıq yaradıb. Həmin vaxt orada olan həmkəndlisi Ramil ona yaxınlaşıb və onu yoldan kənarlaşdırıb. Bu zaman o, Ramilə xəsarət yetirmək qərarına gəlib. Bu niyyətlə ona bir yumruq zərbəsi vurub. Sonra itələyərək yerə yıxıb. Daha sonra Ramili döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. O, oktyabrın 22-də Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb. Hadisəni törədən Seyidağa Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.İş üzrə ifadə verən Rüstəmov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, uşaqlıqdan bəri tanıdığı mərhum Ramil onun dostudur, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmayıb, münasibətləri çox yaxşı olub: “Oktyabrın 11-də bizi dostum Murad öz toy mərasiminə çağırdı. Həmin gün, saat 12 radələrində Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən evimizə gəldim və valideynlərim ilə görüşdüm. Həmin vaxt digər qardaşım evdə olmayıb. Paltarlarımı dəyişdikdən sonra toya getdim. Saat 13 radələrində toya çatdım və toyda dostlarım və digər xatırlamadığım tanışlarım ilə bir masada əyləşdik, yemək yeyib, araq içdik. Qardaşım və atam həmin masada əyləşsələr də, onlar spirtli içki qəbul etmədilər. Üç-dörd saatdan sonra qardaşım Nurlanla birlikdə toydan çıxdıq. Atam isə bizdən əvvəl toydan çıxaraq mənim “Mercedes” markalı avtomobilim ilə getmişdi. Nurlanla evə gəldik. Həmin vaxt valideynlərim evdə olublar”. Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən bir saat evdə qalandan sonra saat 23 radələrində hava almaq üçün evdən çıxıb və qəsəbədə olan mağazanın qarşısına gəlib: “Qardaşım Nurlan evdə qaldı.
Mağazaya daxil olaraq oradan dəyəri 1manat olan “Bizon” adlı içkini soyuducudan götürərək kassaya yaxınlaşdım və mağazanın satıcısına pul verərək oradan çıxdım. Həmin vaxt mağazanın qarşısında həmkəndlilərim ilə gördüm. Ramil ilə öpüşüb-görüşdüm, hal-əhval tutduq. Həmin vaxt Beyləqan şəhərinə gedərək gəzmək üçün Yuxarı Qarabağ-Daşburun avtomobil yolunun kənarından keçən avtomobillərə saxlamaları üçün əlim ilə işarə etdim. “Niva” markalı avtomobil saxladı. Həmin avtomobilin sürücüsünü tanımamışam, aramızda bilmədiyim səbəbdən mübahisə yarandı. Ramil gələrək məni sakitləşdirmək istədi və avtomobil yolundan kənarlaşdırdı. Həmin vaxt “Niva” markalı avtomobilin sürücüsü içkili vəziyyətdə olduğumu gördü və yoluna davam etdi. Mağaza istiqamətində gedən zaman Ramil boynumun arxa tərəfinə bir dəfə zərblə vurdu. Lakin xəsarət almadım. Bu vaxt Ramilin dayısı oğlu və digər həmkəndlim bizi ayırdılar. Ramil həmin avtomobillə Beyləqan şəhərinə getməyimə mane olduğuna görə əsəbiləşdim və sərt şəkildə bir əlim ilə Ramili sinə nahiyəsindən itələdim. Həmin vaxt Ramil yerə yıxıldı, sonra ayağa durdu. Əsəbi olduğum üçün Ramilin baş nahiyəsinə vurdum. Ramil yenidən yerə yıxıldı. Ramil yıxılan zaman başının nəyəsə dəydiyini hiss etmədi. Ramili qaldıraraq tikinti malları mağazasının ön divarının qabaq hissəsinə qoyulmuş oturacağa əyləşdirdim. Əsəbi şəkildə Ramilə bir dəfə şillə vurdum, məndən əl çəkməsini dedim. Ramil mənə səninlə işim yoxdur dedi. Sonra Ramildən aralaşdım və yenidən yolun kənarında dayanaraq yoldan keçən avtomobillərə əlim ilə işarə edərək Beyləqan şəhərinə getmək üçün saxlatmağa çalışdım. Ramil onu yanlış anlayaraq sərxoş olduğum üçün avtomobilləri saxlatdırmaq istədiyimi düşündü. Lakin mənim belə niyyətim olmayıb. Ramilin özü də pivə içmişdi”. Seyidağa Rüstəmovun ifadəsinə görə, daha sonra Ramil Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən mağazanın yaxınlığında dayanıb və onu yenidən çağırmağa başlayıb: “Tələb etdi ki, yoldan çəkilərək onun yanına gedim. Bu zaman Ramilə yaxınlaşaraq mağazanın qarşısında onun sinə nahiyəsindən bir dəfə itələdim. Ramil özünü itirərək arxası üstə yerə yıxıldı və başının arxa hissəsi yerə dəydi. Ramil yerə yıxılanda başının nəyəsə dəyməsini hiss etməmişəm. Mağazanın qarşısına çınqıl, çınqıl tökülən yerlə mağazanın arasında olan yerə isə beton tökülüb. Yerdə başqa bir şey olmayıb. Ramili sinəsindən itələyən zaman yanımızda heç kim olmayıb”. Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seyidağa Rüstəmov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. O, müvəkkilinə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi üzrə bəraət verilməsini istəyib. Həmçinin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azaldılaraq ən aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.