AZ

5 il əvvəl gəlinini vəhşicəsinə öldürən qayınata indi nə istəyir?

ain.az bildirir, Bizimyol portalına istinadən.

Bakıda gəlinini öldürüb, meyitini bir neçə hissəyə bölərək, Nəsimi rayonu ərazisindəki zibil qutularına atan və buna görə 18 il azadlıqdan məhrum edilən 80 yaşlı İdris Məhərrəmovun bir neçə gün əvvəl yenidən məhkəməsi keçirilib.

5 il əvvəl – 2021-ci il yanvarın 27-də hadisə baş verəndə İdris Məhərrəmovun 75, gəlini Banu Məhərrəmovanın isə 32 yaşı vardı.

Bizimyol.info xəbər verir ki, İdris Məhərrəmovun şikayətinə bugünlərdə Ali Məhkəmədə baxılıb. Onun 18 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü apellyasiya məhkəməsi də 2022-ci il martın 28-də qüvvədə saxlayıb. Bundan sonra İdris Məhərrəmov Ali Məhkəməyə şikayət edib. Lakin sonra ərizə yazaraq şikayətini geri götürüb. 2023-cü ilin fevralında onun ərizəsi əsasında şikayəti geri qaytarılıb. Ardınca bir daha Ali Məhkəməyə kassasiya şikayəti verib, lakin az sonra yenidən geri götürüb. 2023-cü ilin avqustunda onun ərizəsi əsasında Ali Məhkəmə bir daha öz ərizəsini əsas gətirərək, şikayəti geri qaytarıb. 2025-ci ildə yenidən Ali Məhkəməyə şikayət etmək qərarına gəlib.

Qeyd edək ki, apellyasiya məhkəməsinin qərarından sonra bir il ərzində Ali Məhkəməyə şikayət etmək hüququ var. Əgər üzrlü səbəblərdən (məsələn, qərarı vaxtında ala bilməyibsə və s.) bu müddət ötürülübsə, o zaman məhkəmə qərarı ilə şikayət vermək üçün müddət bərpa oluna bilər. Lakin ötürülmənin üzrlü səbəbdən baş verdiyi sübut olunmalıdır.

İdris Məhərrəmovun Ali Məhkəməyə şikayət üçün ötürülmüş müddətin bərpasından ötrü apellyasiya məhkəməsinə müraciət edib. Lakin Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli qərarı ilə bu vəsatət təmin olunmayıb. Bu qərardan Ali Məhkəməyə şikayət verilib. Bi neçə gün əvvəl Ali Məhkəmə də şikayətə baxaraq hesab edib ki, qərar dəyişməməlidir.

Xatırladaq ki, 2021-ci il yanvarın 27-də paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın meyiti tapılıb. Araşdırmalarla məlum olub ki, meyit 32 yaşlı Banu Məhərrəmovaya məxsusdur. Onu Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşadıqları evdə qayınatası İdris Məhərrəmov çəkiclə qətlə yetirib, meyiti doğrayaraq, avtomobilə yerləşdirib və gətirib Nəsimi rayonunda zibil qutusuna atıb.

İdris Məhərrəmovun oğlu Fariz hadisə vaxtı Kanadada olub. O, ifadəsində iddia edib ki, iki azyaşlı nəvəsinin anası olan Banunu xoşagəlməz hərəkətlərinə görə qətlə yetirib.

İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirli bilinib.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
bizimyol.info

1Mənbələr